Azərbaycan energetiklərinin tarixində Heydər Əliyev imzası

Azərbaycan energetiklərinin tarixində Heydər Əliyev imzası

24.11.2023 Off By Füzuli İsmayılov

Müdrik şəxsiyyətlər yaşayıb yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə irəliyə aparmaqla adlarını əbədi olaraq tarixə yazırlar. Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır.

Azərbaycan xalqı da hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir

Ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəlində baş vermiş hadisələr, Sovet İttifaqının süqutu elektrik energetikası sisteminə də təsirsiz ötüşmədi. Yaranmış siyasi və iqtisadi böhran nəticəsində elektrik enerjisi istehsalında böyuk problemlər yarandı. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində vaxtilə tikilib istifadəyə verilmiş “Azərbaycan” İES olmasaydı, respublikanın, o cümlədən paytaxt Bakının enerji təchizatında ciddi problemlər yaşana bilərdi.

1993-cü il xalqın istəyi və tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər iqtisadiyyatın bütün sahələrinə, o cümlədən elektrik enerjisi sisteminə də xüsusi diqqət göstərdi. Həmin dövrdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, elektrik energetika sistemində də böyük böhran vəziyyəti yaranmış və sistemin ahəngdar işi pozulmuşdu. Ümummilli lider elektrik enerjisi sisteminin böhrandan çıxarılması, onun maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi üçün məqsədyönlü, genişmiqyaslı tədbirlər həyata keçirdi. Dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı faydalı əlaqələr qurulmasına yönəldilmiş strateji xətt elektrik enerjisi sisteminə də xarici sərmayələr cəlb olunmasına imkan yaratdı və bu imkanlardan Azərbaycanın enerji sisteminin mövcud potensialının səmərəliyinin artırılmasında, elektroenergetika təsərrüfatının yenidən qurulmasında və yeni güclərin yaradılmasında hal-hazırda da məqsədyönlü şəkildə istifadə olunur.

Tikintisi hələ 1984-cü ildən yarımçıq qalmış Şəmkir SES-in davamı olan Yenikənd su hövzəsinin və su elektrik stansiyasının inşasının başa çatdırılması ilə enerji sistemində yeni inkişaf mərhələsinin başlanğıcı qoyuldu. Maliyyə çatışmazlığı ilə əlaqədar tikintisi uzun illər mümkün olmayan Yenikənd su hövzəsində işlərin başa çatdırılması üçün lazımi vəsaitin əldə edilməsi problemini ulu öndər 1995-ci ilin dekabrında Böyük Britaniyaya işgüzar səfəri zamanı gündəmə gətirərək həllinə nail olmuşdur. Avropa Yenidənqurma və İnkişaf Bankı Yenikənd Su Elektrik Stansiyasının inşası məqsədilə 53,24 milyon ABŞ dolları məbləğində kredit ayırmış, respublika energetiklərinin və inşaatçıların gərgin işi nəticəsində 2000-ci ilin dekabr ayında stansiya istifadəyə verilərək elektrik enerjisi istehsalına başlandı.

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində işğal altında qalan “Ağdam” yarımstansiyası və 330 kV-luq Azərbaycan İES-Ağdam-İmişli EVX əvəzinə 330 kV-luq Ağcabədi, 110 kV-luq Bərdə yarımstansiyalarının və 330 kV-luq Azərbaycan İES-Ağcabədi-İmişli EVX-nin inşası zərurəti yaranmışdı. Avropa Yenidənqurma və İnkişaf Bankı və İslam İnkişaf Bankından ayrılmış kredit hesabına Mingəçevir SES-in yenidənqurulması, 330 kV-luq Ağcabədi, 110 kV-luq Bərdə yarımstansiyalarının və 330 kV-luq Azərbaycan İES-Ağcabədi-İmişli EVX-nin inşası həyata keçirildi.

“Şimal” ES-in yenidən qurulması da ulu öndərin adı ilə bağlıdır. 1998-ci ilin fevral ayında Yaponiyaya rəsmi səfəri zamanı ümummilli lider bu stansiyada 400 MVt gücündə buxar-qaz qurğusunun inşası layihəsinin maliyyələşdirilməsi üçün həmin ölkənin rəhbərliyinə müraciət etmiş və rəsmi Tokionun 210 milyon ABŞ dolları məbləğində uzunmüddətli, güzəştli kredit ayırmasına nail olmuşdur. 2000-ci ilin 19 dekabrında isə ümummilli lider tərəfindən qurğunun təməli qoyulmuş və obyekt 24 aydan sonra istismara verildi.

1999-cu ilin iyun ayında 1 nömrəli Bakı İstilik-Elektrik Mərkəzində yenidənqurma işlərinin başlanması, ümummilli lider Heydər Əliyevin bu mərasimdə iştirakı, qaz-turbin qurğusunun təməl daşını qoyması da Azərbaycan energetika tarixinin ən əlamətdar hadisələrindəndir.

Ulu öndərin şah əsəri olan “Əsrin müqaviləsi”, Xəzərin zəngin neft və qaz ehtiyatlarından istifadə edilməsi üzrə digər müqavilələrdə nəzərdə tutulan tədbirlərin icrası Abşeron yarımadasının elektrik enerji təminatına yenidən baxılması zərurətini yaratdı

Bakı şəhəri və onun ətraf rayonlarının elektrik enerjisi təchizatında müstəsna əhəmiyyət kəsb edən “Müşfiq” yarımstansiyası oldu. Ulu öndər bu yarımstansiyanın gücünün artırılması, eyni zamanda enerjisistemin dayanıqlığının və təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə xarici ölkələrə rəsmi və işgüzar səfərləri zamanı bu yarımstansiya üçün maliyyə yardımının ayrılmasına nail oldu.

Ölkə energetikləri həmişə olduğu kimi, bundan sonra da dövlətimizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, xalqımızın rifahının daha da yüksəldilməsi naminə və ulu öndər Heydər Əliyevin ideyalarının gerçəkləşməsi üçün var qüvvə ilə çalışacaq, onun layiqli davamçısı, Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək, qarşıya qoyulmuş mühüm vəzifələrin yerinə yetirilməsinə nail olacaqlar.

E. Ş. Məmmədov,

Bakı şəhəri, Nizami RETİ-nin idarə rəisi

Share