DYP –DƏ BU QƏDƏR ÖZBAŞINALIQ HARADAN YARANIB?
24.11.2023Qəzetimizin bir neçə sayında Azərbaycan Respublikasında Yol hərəkətinin Təhlükəsizliyi haqqında müstəqil ekspert qrupunun rəy və mülahizələrini dərc etməklə düşündük ki, ölkədə hələ də normal qaydalar çərçivəsində olmayan nəqliyyatın idarə edilməsi, baş verən qəzaların aradan qaldırılması sahəsində həm dövlət komissiyasına, həm də BDYPİ-nin işinə faydamız dəyər.
Əvəzində bu idarənin rəhbərliyi ekspert qrupunun üzvlərini müxtəlif orqanlara dartdırıb hədələdilər. Belə anladıq ki, bunlara ölkə rəhbərinin tapşırığını yerinə yetirmək bir o qədər də önəmli deyil. Əsas burada korrupsiya fəaliyyətini ört-basdır etmək, təcrübəsiz, hətta savadsız kadrların işini gizlətməkdir. Axı bu nə qədər davam edəcək? Məgər Azərbaycanda DYP sistemində güclü islahatlara ehtiyac yoxdurmu? Varsa, bəs nədən bu sahədə islahatlar həyat keçirilmir və ya keçirilməsinə imkan yaradılmır? Görünür kreslo itirmək, yoxsa milyonları mənimsəmək nəfsi dövlət maraqlarından üstündür.
Məlumat üçün xatırladaq ki, ötən yazılarımızda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında “Yol Hərəkətinin Təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” haqqında 27 dekabr 2018-ci il tarixli 802-saylı Sərəncamında konkret məsələlər qoyulmaqla, buradan irəli gələn məsələlər müvafiq orqanlar qarşısında yol xəritəsi kimi aşkar şəkildə öz həllini tapmışdı. Əsas məsələ Dövlət Proqramının icrası idi ki, araşdırmalarımız göstərir ki, bu Proqramdan irəli gələn məsələlər öz həllini tapa bilmədi və yaxud həll edilmədi. Proqramın həyata keçirilməsi üçün yaradılan Dövlət Komissiyasının tərkibi iki dəfə dəyişsə də, fəaliyyətində heç bir dəyiklik olmadı.
Bu günki yazımızda toxunacağımız məsələ də məhz həmin Dövlət Proqramında xüsusilə qeyd edilmiş, həlli yolları göstərilmişdir. Dövlət Proqramının 7.1.2.1.4 və 7.2.4.2 bəndlərində yol nişanları xəritəsinin, reyestrinin aparılması Daxili İşlər Nazirliyinə həvalə edilmişdir. Bu günədək həmin bəndlərin heç biri icra edilməyib. Halbuki həmin Proqramdan irəli gələn məsələlərin həlli üçün yaradılan komissiyanın sədr müavini Baş Dövlət Yol Polisi İdarəsinin rəisi general-mayor Ramiz Zeynalovdur. Bu məsələnin həlli ilk növbədə onu daha çox maraqlandırmalıdır. Əslində bu sahədə Ramiz Zeynalov nəinki heç bir təşəbbüskarlıq, Proqramın icraatına heç bir maraq göstərməmiş, araşdırmalarımız göstərir ki, hətta mane olmağa çalışmışdır.
2-3 gün öncə çox maraqlı hadisə ilə rastlaşdıq. Bakının Yasamal rayonu, Şərifzadə küçəsinin Mətbuat prospektinə gedən istiqamətində, Yasamal qəbiristanlığından keçən yolun üstündə yol polisləri həmin yoldan Badamdar istiqamətinə gedən bütün avtomobilləri saxlayaraq cərimələyir. Səbəb də budur ki, Şərifzadə istiqamətindən qəbiristanlığın içinə dönən yola “giriş qadağandır” yol nişanı vurulub. Nişanın vurulması 21 noyabr gecə saatlarında baş verib. Hər gün oradan keçən sürücülərin bu nişandan qətiyyən məlumatı olmadığından yol polisi bir-iki saat ərzində sürücüləri ardıcıl saxlayaraq cərimələyir, demək olar ki, “biçir”. Həmin “giriş qadağandır” nişanından 20 metr sonra aşağıdakı şəkillərdə gördüyünüz kimi iki tərəfli hərəkəti əks etdirən ardıcıl yol nişanları mövcuddur.




Bu azmış kimi yol polisləri nişanın yanında durub sürücüləri məlumatlandırmaq, xəbərdar etmək əvəzinə, nişandan 200 metr irəlidə- qəbirlərin arasında gizli pusqu qurub sürücülərin sözün əsl mənasında “qəbrini” qazırlar. Vallah, ölkədə “reket jurnalist”, “reket vergi əməkdaşı” eşitmişdik, amma “reket yol polisi” görməmişdik. Həmin gün bir sıra müşahidə və çəkilişlərimdən sonra axşam saat 8-9 radələrində “girş qadağandır” nişanının oradan götürüldüyünü görəndə fikirləşdim ki, bəs cərimələnən sürücülərin aqibəti necə oldu? Axı onsuzda uzun illər BDYPİ-nin rəsi postunu əllərində möhkəm tutan, buradakı korrupsiya hallarını yuxarıların adına bağlayan qoca general özü bu barədə nə fikirləşir? 28-29-il bir kreslonu zəbt edərək DYP-yə şəxsi obyekti kimi baxan Ramiz Zeynalov bu barədə ictimaiyyətə bir açıqlama verəcəkmi? İnanmıram. Son vaxtlar ümumiyyətlə onu görən olubmu?
Füzuli Əfqanoğlu,
“HAKİMİYYƏT” qəzetinin Baş redaktoru











