Dahi rəhbər Heydər Əliyevin müqəddəs ideyaları, arzuları və vəsiyyətləri həmişə yaşayacaqdır
01.12.2023Dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ən yeni tariximizdə müstəsna yer tutur. Yüksək insani keyfiyyətlərinə, mükəmməl dövləti idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə Heydər Əliyev dünyada nadir tarixi şəxsiyyətlər sırasındadır. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün ümummilli lider Heydər Əliyevə minnətdarıq. Bunu demək yerinə düşər ki, hər bir vətəndaşımızın qəlbində əbədiyaşarlıq zirvəsini fəth etmiş Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, alternativsiz dövlətçilik konsepsiyası, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycanı qoydu.
Ulu öndər Heydər Əliyev 1969-cu il iyulun 14-dən 1982-ci il noyabrın 22-də SovİKP Siyasi Büronun üzvü, həmin ayın 24-də SSRİ Nazirlər Soveti sədrinin I müavini seçilənə qədər, Azərbaycan SSR-ə rəhbərlik etmişdir. Məhz Heydər Əliyevin fədakar əməyinin, səmərəli işgüzarlığının, uzaqgörən rəhbərlik və təşkilatçılıq istedadının sayəsində Azərbaycan bu illər ərzində sürətlə və hərtərəfli inkişaf edərək keçmiş İttifaqın öncül respublikalarından birinə çevrilmişdir. Məhz onun təşəbbüsünün nəticəsi idi ki, azərbaycanlı gənclər keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilirdi.
Tarixin olduqca vacib, həlledici məqamlarında ictimai-siyasi təşkilatlanmaya, xalqın maraqlarını təmsil edən qüvvələrin vahid qurumda bir araya gəlməsinə nail olmadan qarşıda dayanmış ümummilli problemlərin həlli mümkün deyildir. Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük şəxsiyyət olan ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranması məhz belə bir tarixi gerçəklikdən qaynaqlandı. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etsə də, o dövrdə hakimiyyət sükanı arxasında dayanan bəzi siyasətbazların səriştəsizliyi ucbatından bu müstəqilliyi həqiqi mənada möhkəmləndirmək, dövlətin dayaqlarını gücləndirmək mümkün olmamışdı. Həmçinin, Ermənistanın işğalçılıq siyasəti, ölkə daxilindəki çəkişmələr cəmi bir il əvvəl qazanılmış müstəqilliyi təhlükə altında qoymuşdu. Belə bir həlledici zamanda cəmiyyətin sağlam qüvvələrinin diqqəti Naxçıvana yönəlmişdi. Azərbaycanın çətin anında Ümummilli liderimizin ətrafında sıx birləşməyə, onun dərin zəkasının köməyi ilə xalqı, yenicə müstəqillik qazanmış dövləti bu fəlakətdən xilas etməyə çalışan insanların çevrəsi cəmiyyətin bütün zümrələrini əhatə edirdi.
Bu gün xalqımız Heydər Əliyev siyasətin uğurlarını gündəlik həyatında hiss edir, onunla yaşayır və onun irsindən faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin alternativsiz siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır, gələcəyə istiqamətlənmişdir. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olunması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır.
Heydər Əliyevin strateji inkişaf kursunun real bəhrələrini hər bir Azərbaycan vətəndaşı, o cümlədən əhalinin aztəminatlı hissəsi rifah halının günbəgün yaxşılaşmasında görür və ölkəmizin daha da inkişaf edəcəyinə qətiyyən şübhə etmir. Çünki bunun üçün möhkəm iqtisadi bazanı ümummilli liderimiz artıq yaradıb və davamlı sosial-iqtisadi inkişaf kursunun Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi gələcəyə nikbinliklə baxmağa əsas verir. Azərbaycan xalqının dahi oğlunun pak əməlləri, müqəddəs ideyaları, arzuları və vəsiyyətləri həmişə yaşayacaqdır.
Sahib Hümbətov,
Suraxanı Su Kanal İdarəsinin rəisi