Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub
01.12.2023Sovet İttifaqının dağılması ərəfəsində mətbuatda dərc olunan təhlili materiallarda “Hansı müttəfiq respublika sovetlər ittifaqından ayrılaraq iqtisadi cəhətdən yaşamağa qadirdir” sualına cavab axtarılarkən onların sırasında Azərbaycanın adı birinci yerdə çəkilirdi. 1987-ci ildən başlayaraq sovet rəhbərliyinin himayəsi ilə ermənilər Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı Ermənistana birləşdirmək üçün ekstremist fəaliyyətə başladılar. O zaman Azərbaycan xalqı ayağa qalxaraq öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün kütləvi xalq hərəkatına başladı. Bu hərəkatda ortada olan qüvvələr məhz Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu dövrdə yaratdığı mühitin yetişdirdiyi insanlar idi.
Heydər Əliyev XX əsrin 70-ci illərində Azərbaycanda elə bir ab-hava yaratmışdı ki, bu, milli şüurun oyanmasına, Azərbaycan dilinin inkişafına, dəyərlərimizin xalq tərəfindən mənimsənilməsinə, tarixi keçmişimizin hərtərəfli öyrənilməsinə şərait yaratmışdı. Bu mühit Azərbaycanda yerli kadrların yetişməsinə gətirib çıxarmışdı. Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə Azərbaycanda kadr siyasətində azərbaycançılıq prinsipinə ciddi riayət etmiş və bunu məqsədyönlü şəkildə həyata keçirmişdi. Əgər ötən əsrin 50-60-cı illərində Azərbaycanda dövlət idarəçiliyində kadrların böyük əksəriyyəti digər millətlərdən formalaşırdısa, Heydər Əliyevin hakimiyyəti dövründə kadr məsələsində azərbaycanlıların üstünlük təşkil etməsinə xüsusi diqqət yetirildi. O dövrdə ali təhsil ocaqlarında ədəbiyyatımızla, tariximizlə bağlı diskusiyaların aparılması, Azərbaycan tarixinin bütün ali təhsil ocaqlarında tədris proqramına daxil edilməsi Heydər Əliyevin məfkurənin inkişafına xidmət edən siyasətinin nəticəsi idi. Moskvadan isə həmişə bu işlərə mane olmağa çalışırdılar. Məqsəd də o idi ki, Azərbaycan xalqı öz tarixini, keçmişini, ədəbiyyatını və keçdiyi inkişaf yolunu öyrənə bilməsin. Yəni dövlətçilik ruhunun inkişafına ittifaq mərkəzi həmişə əngəl olmağa çalışırdı. Lakin Heydər Əliyev bunu tədricən, necə deyərlər, damla-damla həyata keçirməkdə idi.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə yaradılmış iqtisadi potensial sonrakı mərhələlərdə – müstəqillik illərində Azərbaycan üçün çox əhəmiyyətli rol oynadı. Hakimiyyəti illərində Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi daxili siyasət sayəsində ölkəmizdə milli özünüdərk, özünəqayıdış, vətənpərvərliyin gücləndirilməsi baxımından əhəmiyyətli addımlar atıldı. Azərbaycançılıq şüurunun inkişafı, tariximizin öyrənilməsi, yerli kadrların yetişdirilməsi, o cümlədən milli ruhun yüksəldilməsi istiqamətində keçirilmiş bir çox tədbirlər sonrakı dövrdə bizim üçün, millətimiz üçün, dövlətimiz üçün çox ciddi rol oynadı.
1970-1985-ci illərdə, tarixən qısa bir dövr ərzində, bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı. 213 iri sənaye müəssisəsi işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. O illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi. Həmin illərin Azərbaycanı nəhəng bir tikinti meydanını xatırladırdı. Bakının və respublika rayonlarının siması büsbütün dəyişmişdi. Bu gün Bakıya, Azərbaycanın rayonlarına gözəllik, yaraşıq verən yüzlərlə yaşayış binaları, mehmanxanalar, ictimai binalar, məktəblər, mədəniyyət sarayları, iqtisadiyyatımızın nüvəsini təşkil edən fabriklər, zavodlar, nəhəng sənaye obyektləri, iri istehsal kompleksləri, su anbarları, dəryaçalar, Kür su kəməri, yaşıllıq zonaları, istirahət ocaqları, neçə-neçə yollar, o cümlədən yurdun şimal-qərb ucqarını paytaxta bağlayan Bakı-Balakən dəmir yolu, Dağlıq Qarabağın mərkəzə – Bakıya bağlılığını artırmaq və orada Azərbaycan mühitini canlandırmaq üçün görülən mühüm tədbirlər, o cümlədən Xankəndinə dəmiryolu çəkilməsi Heydər Əliyev zəkasının, onun yorulmaz fəaliyyətinin, bu böyük insanın bütün varlığına hopmuş vətən sevgisinin nəticəsi idi.
Azərbaycanda siyasi hakimiyyətə gələn Ümummilli Lider ilk gündən sovet rejiminin bütün ideoloji-siyasi baryerlərinə sinə gərərək xalqımızın özünüdərki üçün zəruri addımları atmağa, cəmiyyəti bütün istiqamətlərdə yüksəlişə hazırlamağa başlamışdır. Ulu Öndər xalqın heysiyyətini gücləndirmək, onu öz soy-kökünə qaytarmaq, zəngin ədəbi irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməli olduğunu çox yaxşı bilir və bu yöndə atdığı hər addımla həyatına təhlükələr yarana biləcəyini də çox gözəl anlayırdı. Ümummilli Lider cəmiyyətdə milli məfkurənin güclənməsi, dövlətçilik şüurunun yenidən formalaşması üçün hər bir azərbaycanlının yüksək təhsil almasını, elmi yenilikləri mənimsəməsini son dərəcə vacib amil hesab edirdi.
Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafının bu gün də yüksək dinamika ilə davam etməsi o dövrdən başlayan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən dövlətçilik konsepsiyasını yerinə yetirdiyini qətiyyətlə sübut edir. Ümummilli Lider Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən şəxsiyyət olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət onun bütün fəaliyyətinin əsasını təşkil edib. Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə vətənə xidmətin parlaq nümunəsinə çevrilib. Bütün həyatını xalqına və vətəninə həsr etmiş Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub.
Mirəhməd Tağıyev,
Nərimanov RETSİ-nin rəisi











