SƏHİYYƏMİZİN İNKİŞAFINDA HEYDƏR ƏLİYEVİN XİDMƏTLƏRİ ƏVƏZSİZDİR

SƏHİYYƏMİZİN İNKİŞAFINDA HEYDƏR ƏLİYEVİN XİDMƏTLƏRİ ƏVƏZSİZDİR

08.12.2023 Off By Füzuli İsmayılov

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2023-cü ilin “Heyər Əliyev ili” elan edilməsi sayəsində onun Azərbaycanın tarixində, bugünkü mövcudluğunda, ictimai–siyasi həyatın müxtəlif sahələrindəki rolunu hər sahənin mütəxəssisləri geniş təhlil edirlər. Hər bir mütəxəssis hesab edir ki, ulu öndərin ən çox əhəmiyyət verdiyi, diqqət yetirdiyi, inkişafına təkan verdiyi məhz bu sahə olub. Sənaye, kənd təsərrüfatı, beynəlxalq münasibətlər, ədəbiyyat, incəsənət, təhsil və s. 

Müvafiq olaraq tibb işçilərinin də fikrincə, Heydər Əliyev üçün ən vacib sahə məhz insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması olub. 

Ümummilli liderin millətin sağlam gələcəyini şərtləndirən amil kimi, əsas yerlərdən birini səhiyyə məsələləri tuturdu. Bununla bağlı söhbətlər, müzakirələr, qayğılar, düşüncələr ulu öndərin gündəlik həyatının bir parçasına çevrilmişdi. Səhiyyənin ağrılı problemləri, zəif nöqtələri ilə yaxından tanışlığı sonralar Heydər Əliyevin vəziyyəti düzgün təhlil etməkdə, vəziyyəti kökündən dəyişmək üçün doğru qərarlar qəbul etməkdə köməklik göstərmişdi. Tale elə gətirmişdi ki, ulu öndərin ailəsindəki həkimlər, xüsusən ömür–gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva da o dövrdə təbabət qarşısında duran başlıca problemlər üzərində düşünür, həlli yollarını axtarırdı. Onlar insanların sağlamlığı ilə bağlı ən ağrılı məsələləri Heydər Əliyevlə birgə müzakirə edir, tibbi–sosial problemlərdən mümkün çıxış yollarını arayanda bu müdrik rəhbərlə məsləhətləşirdilər. 

Ulu öndərin cəmiyyətin hər sahəsində olduğu kimi, səhiyyədə də əvvəlki dövrlərdə əldə edilən uğurlar hələ ətalətlə öz nəticələrini göstərirdi. Məhz elə buna görə də 1969–cu ilin avqustunda keçirilmiş tarixi plenumda Azərbaycanda səhiyyənin inkişaf sürətini prinsipcə dəyişmək qarşıya vəzifə kimi qoyulmuşdu. Respublikanın yeni rəhbərinin bu sahədə tərəqqiyə nail olmaq əzmi özünü çox qısa bir müddətdə göstərdi. Azərbaycanda hər sahədə vəziyyəti yaxşılaşdırmaq üçün var qüvvə ilə çalışmağa başlayan Heydər Əliyevin əsas fəaliyyət istiqamətlərindən biri də məhz səhiyyə oldu. 

Problemin kökünü müəyyənləşdirmək və onun həlli yolunu tapmaq həm ən mürəkkəb məsələ, həm də uğurun təməlidir. Heydər Əliyev də əhalinin sağlamlığının qorunması sahəsində problemlərin həllinə səhiyyənin qanunvericilik bazasının möhkəmləndirilməsindən başladı. 1969–cu ilin dekabrında Azərbaycan Respublikası Ali Sovetinin VII Sessiyası onun təşəbbüsü ilə məhz həmin gələcək nailiyyətlərin bünövrəsində dayanan “Sağlamlıq Məcəlləsi” adlı sənədi qəbul etdi. Bu Məcəllə səhiyyənin gələcək inkişaf istiqamətlərini müəyyən etməklə, qarşıdan gələn illər üçün həm də bu sahədə fəaliyyət planı oldu və səhiyyənin inkişafına əsaslı təkan verdi. 

O dövrdə səhiyyənin tərəqqisinə zəmin yaradan daha bir addım ölkədə korrupsiya ilə mübarizə sahəsində, o cümlədən səhiyyə idarəetməsindəki neqativ halların qarşısının alınmasında qazanılan uğurlar oldu. Heydər Əliyevin respublikada korrupsiya və digər neqativ hallarla mübarizəsi ölkə səhiyyəsinə də müsbət təsir etdi. Cəmiyyətimizin sağlamlaşdırılması ayrı–ayrı insanların sağlamlığına gedən yolun təminatçısına çevrildi. 

Heydər Əliyevin səhiyyə sahəsinə diqqəti və onun inkişafı üçün gördüyü işlər Azərbaycanı tezliklə tək ümumittifaq miqyasında deyil, həm də beynəlxalq arenada qabaqcıl mövqelərə çıxardı. Belə ki, 1970–ci ildə Ümumdünya Səhiyyə Təşkilatının regionlararası seminarının, 2 il sonra isə Beynəlxalq Tibbi Avadanlıqlar Sərgisinin məhz Bakıda keçirilməsi respublikamızın bu sahədə artan rolundan xəbər verirdi. Sonralar ölkəmizin bu cür tədbirlərə ev sahibliyi etməsi artıq ənənəvi hal almışdı. 

Bununla belə, Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində müstəqillik dövründə ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmək mümkün oldu. Onun bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldü, islahatlar aparıldı. Bu işdə ilk növbədə səhiyyənin hüquqi–normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması daim diqqət mərkəzində saxlanılırdı. Həmin məqsədlə ölkəmizdə səhiyyənin qanunvericilik bazasını gücləndirən bir sıra qanunlar, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında”, “Tibbi sığorta haqqında” və s. qanunlar işlənib hazırlandı və Milli Məclis tərəfindən qəbul edildi. Azərbaycan ərazisində QİÇS və vərəm xəstəliklərinin yayılmasının qarşısını almaq üçün milli proqramlar işlənib hazırlandı. 

Heydər Əliyevin Azərbaycan səhiyyəsi qarşısındakı xidmətlərindən danışarkən səhiyyə islahatları proqramının hazırlanması və icrasını xüsusi qeyd etmək lazımdır. Ölkə başçısının “Səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması barədə” 13 mart 1998–ci il tarixli sərəncamı səhiyyənin bütün sahələrini əhatə edən islahatların daha geniş miqyasda və sürətlə aparılması üçün şərait yaratdı. 

Ümummilli liderin səhiyyə siyasətinin prioritet istiqamətlərindən biri də keçid dövründə bu sahədə mütərəqqi dəyişiklərin aparılması və yeni səhiyyə sisteminin qurulması idi. Məhz bu məqsədlə 1994–cü ildə Azərbaycanla BMT–nin Uşaq Fondu arasında Əməkdaşlıq Proqramı imzalandı. Həmin sənədə uyğun olaraq uşaq ölümünün digər bölgələrə nisbətən yüksək, sağlamlıq göstəricilərinin isə aşağı səviyyədə olduğu Quba rayonunda islahatlara başlamaq qərara alındı. Sonralar həmin proqramın icrası sayəsində Masallı, Lənkəran, Cəlilabad və Salyan rayonlarında da böyük uğurlar əldə olundu. 

Müstəqilliyin ilk illərində səhiyyənin maliyyələşdirilməsi, daha dəqiq desək, ona lazımi səviyyədə maliyyə vəsaiti ayırmaq imkanının olmaması ən çox narahatlıq doğuran problemlərdən biri idi. Məhz buna görə də Heydər Əliyev həm səhiyyəyə əlavə vəsait cəlb etmək, həm də bazar iqtisadiyyatına keçid dövrünü yaşayan ölkəmizdə səhiyyəni bir fəaliyyət növü kimi liberallaşdırmaq üçün özəl səhiyyə sisteminin tətbiqinə şərait yaratdı. Onun bilavasitə göstərişlərinə əsasən bu istiqamətdə hüquqi–normativ baza olan “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Ulu öndərin ölkəmizdə səhiyyə sahəsində həyata keçirdiyi islahatlar çərçivəsində ən mühüm xidmətlərindən biri olan özəl səhiyyə sisteminin tətbiqi həm də tibb işçilərinin maddi rifah halının yaxşılaşması üçün imkanlar açdı—xüsusi mülkiyyətdə olan tibb müəssisələrində 10 min nəfərədək işçi, o cümlədən 2500 həkim və 4000 orta tibb işçisi işlə təmin edildi. Özəl və dövlət tibb müəssisələri arasında rəqabət yaranması sayəsində əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəldi, bu isə səhiyyəmizin gələcək inkişafı üçün təkan oldu. 

Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də ulu öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı ümummilli lider Heydər Əliyevin başlıca həyat prinsipi olan xalqa, millətə xidmət və sədaqət amalını yaşadır. Məhz onun rəhbərliyi altında Heydər Əliyev siyasəti, gələcəyə istiqamətlənmiş strateji inkişaf kursu davamlı surətdə irəliləyir və Azərbaycanın uğurlarının əsasını təşkil edir. 

Azərbaycan dövləti insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır. Əlamətdardır ki, son 10 ildə ölkə büdcəsində səhiyyə xərcləri 11 dəfədən çox artmışdır. Azərbaycanda müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş 500–dən çox səhiyyə müəssisəsi əhalinin istifadəsinə verilmişdir. Maddi–texniki bazası gücləndirilən tibb müəssisələri indi bir sıra hallarda dünyanın qabaqcıl səhiyyə ocaqlarından geri qalmır, bəzən isə hətta onları üstələyir. Məhz elə buna görə də Prezident İlham Əliyev ölkə səhiyyəsinin inkişafının qiymət verərkən demişdi: “Azərbaycanda səhiyyə sistemində aparılan islahatlar, görülən işlər dünya səviyyəsində gedir. Hətta deyə bilərəm ki, biz artıq Azərbaycan standartlarından da danışa bilərik”. 

Səhiyyənin ən aktual problemləri üzrə qəbul edilmiş dövlət proqramlarının icrası əhalinin sağlamlığının mühafizəsi ilə əlaqədar çox mühüm vəzifələri uğurla yerinə yetirməyə imkan yaradır. Heydər Əliyevin tibb kadrları üzrə siyasətinin davamı olaraq bu gün yüksək ixtisaslı kadr hazırlığına çox böyük önəm verilir. Tibb təhsilində rezidenturanın tətbiqi, tibb işçilərinin sertifikasiyası və mərkəzləşmiş imtahanla işə qəbulu da məhz buna xidmət edir. İndi yüzlərlə azərbaycanlı həkim həm xarici ölkələrin klinikalarında, həm də Azərbaycana dəvət olunmuş aparıcı mütəxəssislərin keçdiyi təlimlərdə öz biliklərini zənginləşdirirlər. 

Dövlət başçısının səhiyyəmizə diqqət və qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda atdığı mühüm addımlar, ümumiyyətlə, ölkədə həyata keçirilən sosialyönümlü siyasət ulu öndərin bu istiqamətdə müəyyən etdiyi strategiyanın uğurla davam etdirilməsinin parlaq təzahürüdür. Yeni tikilən, əsaslı təmir olunan, ən müasir avadanlıqlarla təchiz edilən tibb mərkəzləri, tibb işçilərinin təkmilləşməsinə verilən diqqət, gündən–günə yaxşılaşan sağlamlıq və demoqrafik göstəricilər Azərbaycan dövlətinin və Azərbaycan Prezidentinin əhalinin səhhətinin qorunmasına, gələcək nəsillərin sağlamlığına verdiyi əhəmiyyətin sübutudur. 

Azərbaycan səhiyyəsinin bugünkü inkişafı təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də qəbul edilir. Ölkəmiz 2005–ci ildən etibarən ardıcıl olaraq Ümumdünya Səhiyyə Təşkilatının və onun Avropa Regional Bürosunun rəhbər orqanlarında təmsil olunur. ÜST Avropa Regional Komitəsinin 61–ci Sessiyasının 2011–ci ildə məhz Bakıda keçirilməsi də əslində o demək idi ki, Azərbaycan dövlətinin əhalinin sağlamlığına göstərdiyi qayğı beynəlxalq aləmdə də qiymətləndirilir. Bakının çox böyük uğurla ev sahibliyi etdiyi ən mötəbər siyasi, iqtisadi, elmi, mədəni tədbirlər kimi, səhiyyə sahəsində də keçirilən beynəlxalq tədbirlər həm Azərbaycanın dünyada nüfuzunun yüksəlməsindən xəbər verir, həm də özlüyündə ona xidmət edir. 

“Mən istəyirəm ki, hər bir insan yaxşı yaşasın, hər bir insanın maddi imkanları artsın, uşaqlar yaxşı məktəblərdə oxusunlar, müəllimlər yaxşı məktəblərdə dərs desinlər. Həkimlər gözəl xəstəxanalarda işləsinlər və insanlarımız da sağlam olsunlar”,-deyən Prezident İlham Əliyev bu istəklərini gerçəkləşdirmək üçün vaxtını, qüvvəsini və səylərini əsirgəmir. Azərbaycan Prezidentinin səhiyyə sahəsində siyasətini daim dəstəkləyən səhiyyə işçiləri onun müvəffəqiyyətlə həyata keçirilməsi üçün əzmlə çalışır, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolla inamla addımlayırlar. 

Asif Məcidov, 

Protez Ortopedik İstehsalat Reabilitasiya Mərkəzinin direktoru 

Share