Uşaqlar Heydər Əliyevlə hər görüşdən sonsuz coşqu, böyük ilham alırdılar
08.12.2023Azərbaycan xalqı öz xilaskarının, müasir müstəqil dövlətimizin memarı ümummilli lider Heydər Əliyevin əziz xatirəsini sonsuz sevgi ilə anır, ulu öndərin Vətən və dövlət qarşısındakı misilsiz xidmətləri minnətdarlıqla xatırlanır.
Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi ümummilli liderin daim diqqətində olmuşdur.
Ulu öndər Heydər Əliyev demişdir: “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilibdir.” Uşaqları bütün varlığı ilə sevən ulu öndərimizin təşəbbüsü ilə Azərbaycan 1994-cü ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmuş, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, “SOS Kinderdorf İnternəşnl” təşkilatı ilə respublika hökuməti arasında əldə olunmuş razılaşmaya əsasən “Bakı SOS uşaq kəndi” salınmışdır. Heydər Əliyev xalqımızın sabahını – gənc nəsli yaşatmaq, uşaqlar arasında həyat səviyyəsini yaxşılaşdırmaq üçün xarici ölkələrin diqqətini respublikamıza yönəltmişdi. Bu gün ölkəmizdə uşaqların sağlamlığı, inkişafı, təhsili, onların hüquqlarının qorunması üçün bütün tədbirlər həyata keçirilir. Dövlətimiz hər bir azərbaycanlı uşağın yüksək sosial-mənəvi mühitdə böyüməsinə çalışır. Ölkəmizdə dövlətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya və qanunlarla uşaq hüquqlarına etibarlı təminat mexanizmləri yaradılıb. Məqsəd uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsidir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir. Ulu öndər dəfələrlə vurğulamışdır ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir.
Hər bir uşağın şəxsiyyət kimi formalaşdırılması dövlətin təhsil sisteminin də əsas vəzifəsidir. Ulu öndər 1993-cü ildə xalqın təkidi və tələbi ilə ölkədə siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan bütün sosial-iqtisadi istiqamətlərdə sürətlə inkişaf etməyə başladı. Tezliklə ölkədə siyasi-iqtisadi stabilliyi təmin edən ulu öndər ölkəyə rəhbərlik etdiyi əvvəlki dövrlərdə olduğu kimi, müstəqil Azərbaycanda da elmin, təhsilin inkişafını xüsusi diqqət mərkəzinə çəkdi. Müstəqillik dövründə, ölkəyə rəhbərliyin ilk illərindən ümummilli lider Azərbaycanda təhsil islahatları aparılmasının zəruriliyini vurğulayaraq, hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi. Məhz bu sonsuz diqqət və qayğının nəticəsi idi ki, Azərbaycan körpələri millət atası Heydər Əliyev ilə hər bir görüşdən sonsuz coşqu, səmimi və kövrək görüşlər uşapların yaddaşında əbədi iz qoymuşdur.
Müdrik siyasi lider Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əilyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.
Prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılmalıdır.
Uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılması prosesində Heydər Əliyev Fondunun əvəzsiz xidmətləri var.
Fondun təhsil və səhiyyənin bir sıra problemlərinin həlli, yeni məktəblərin inşası, körpələr evi və internat məktəblərinin əsaslı təmiri və yenidən qurulması prosesində yaxından iştirakı Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu yöndə səfərbər olunmasına yönəlmişdir.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın irəli sürdüyü təşəbbüslər, görülən işlər ictimaiyyət tərəfindən daim rəğbətlə qarşılanıb. “Yeniləşən Azərbaycana yeni məktəb” çərçivəsində yüzlərlə təhsil ocağı tikilib istifadəyə verilib. “Uşaq evləri və internat məktəblərinin inkişafı Proqramı” və “Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması” layihəsi çərçivəsində çoxlu sayda körpələr evi, bağça və internat məktəbi əsaslı təmir olunub. Uşaq evləri və internat yetirmələrinin sosial-psixoloji reabilitasiyasına imkan yaradacaq resurs mərkəzinin yaradılması, “Kor və zəif görən uşaqlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi”, “Təhsilə dəstək” və “İnklüziv təhsil” proqramlarının həyata keçirilməsi fondun xidmətləri sırasında xüsusi vurğulanmalıdır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat naminə” layihələri cəmiyyətin diqqətinin uşaqların sağlamlığına yönəldilməsi baxımından müstəsna əhəmiyyət daşıyıb.
Günel Seyfəli
“TWEETY” uşaq bağçasının müdiri











