Heydər Əliyev “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir…”

Heydər Əliyev “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir…”

08.12.2023 Off By Füzuli İsmayılov

Azərbaycanın çağdaş tarixi dünya şöhrətli siyasətçi, dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik” sözlərini tarixə yazmış Ulu Öndər Azərbaycanın meliorasiya və su təsərrüfatı kompleksinin yaradıcısı, müəllifi və təşkilatçısıdır.

Ümummilli Lider Heydər Əliyevin respublikamıza ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə meliorasiya və su təsərrüfatı kompleksinə 2 milyard manatdan artıq vəsait yönəldildi ki, bu da sovet hakimiyyəti dövrünün 50 ili ərzində bu sahəyə qoyulan vəsaitdən 2 dəfədən çox idi. Həmin vəsaitlər hesabına 200 min hektara yaxın yeni suvarılan torpaqlar kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 400 min hektara yaxın suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 825 min hektar sahədə suvarma sistemləri yenidən qurularaq onların su təminatı artırılmış, 460 min hektar sahədə əsaslı hamarlama və 150 min hektara yaxın sahədə əsaslı yuma işləri aparılmış, texniki cəhətdən mükəmməl irriqasiya və meliorasiya sistemləri yaradılmışdır.

Ulu Öndər keçmiş ittifaq rəhbərliyində olarkən belə, iqtisadiyyatın bütün sahələrində olduğu kimi, meliorasiya və su təsərrüfatı sahəsinə də öz qayğısını əsirgəmir, bu sahədə işlərin gedişinə daim nəzarət edir və lazımi kömək göstərirdi. Faktlara nəzər salaq: 1983-cü ildə kənd təsərrüfatında faktiki istifadə olunan suvarılan torpaqların sahəsi 1970-ci ildəkinə nisbətən 265,1 min hektar artmış, eyni zamanda istifadə olunmayan suvarılan torpaqların sahəsi 89,7 min hektara qədər azalmışdır.

Təəssüflə qeyd edək ki, 1987-ci ildən sonra respublikanın iqtisadiyyatında yaranmış ağır vəziyyətlə əlaqədar büdcə vəsaitinin çatışmazlığına görə dövlət əhəmiyyətli sistemlərin istismarında ciddi çətinliklər yarandı, bir sıra mühüm əhəmiyyətli su təsərrüfatı kompleksləri qəza vəziyyətinə düşdü. Tikinti işləri demək olar ki, dayandırıldı. Meliorasiya və su təsərrüfatının maddi-texniki bazası da xeyli zəiflədi. 1990-1993-cü illərdə isə ölkəmizdə siyasi hərc-mərcliyin, məmləkəti təhdid edən təhlükələrin sonu görünmürdü.

Xalqın təkid və tələbiylə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev böyük dövlətçilik təfəkkürü ilə Azərbaycanda cövlan edən mürəkkəb prosesləri təhlil edir, məmləkətin taleyinin xilası yolunda siyasi iradə nümayiş etdirir, qəti addımlar atırdı. 1993-cü ildə “Ostankino” televiziyasına müsahibə verən Heydər Əliyev “Ölkənin gələcəyini necə görürsünüz” sualının cavabında demişdi: “Azərbaycan müstəqil dövlətdir və indən belə heç vaxt hər hansı başqa dövlətin tərkibinə daxil olmamalı, kiminsə vassalı, yaxud müstəmləkəsi olmamalıdır… Mən Azərbaycanı gələcəkdə azad, müstəqil dövlət kimi görürəm”.

Heydər Əliyevin 2 mart 1995-ci il tarixli fərmanı meliorasiya və su təsərrüfatında aparılacaq islahatların sürətləndirilməsinə böyük təkan verdi və bunun əsasında islahatlarla bağlı hazırlanacaq normativ-hüquqi sənədlərin siyahısı təsdiq olundu. Ardınca aqrar islahatın qanunvericilik bazasının tamamlanması, “Torpaq islahatı haqqında” qanunda nəzərdə tutulmuş məqsədə nail olmaq üçün zəmin yaradılması sahəsində “Meliorasiya və irriqasiya haqqında” qanunu və onun təbiq edilməsi barədə Heydər Əliyevin fərmanı mühüm addım oldu. Daha sonra ölkədə su münasibətlərini tənzimləmək məqsədilə “Azərbaycan Respublikasının Su Məcəlləsi” haqqında qanun qəbul olundu.

Ümummilli Lider Heydər Əliyevə islam dünyasının böyük hörmətinin və ehtiramının rəmzi olaraq İslam İnkişaf Bankının rəhbərliyi Baş Mil-Muğan kollektorunun tikintisinin davam etdirilməsinə güzəştli kredit, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması sxeminin hazırlanmasına əvəzsiz olaraq vəsait ayırdı. İslam İnkişaf Bankının krediti və respublika büdcəsindən ayrılan vəsait hesabına 1998-ci ildə kollektorun tikintisinin davam etdirilməsinə başlanıldı və 2000-ci ilin noyabr ayında kollektorun 52,7 kilometr uzunluğunda 2-ci buraxılış kompleksinin tikintisi yüksək keyfiyyətlə başa çatdırılaraq istismara qəbul olundu. Bunun ardınca Dünya Bankının krediti ilə 2003-cü ildə Baş Mil-Muğan kollektorunun 28,5 kilometr uzunluğunda 3-cü buraxılış kompleksinin tikintisinə başlanıldı. Baş Mil-Muğan kollektorunun istismara verilməsi 500 min hektar suvarılan torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına və onun əhatə etdiyi ərazidə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına şərait yaratdı.

Samur-Abşeron suvarma sistemi ölkəmizin şimal bölgəsinin, eləcə də Bakı-Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrini, kənd təsərrüfatı və sənaye müəssisələrini içməli, suvarma və texniki su ilə təmin edən irimiqyaslı kompleks su təsərrüfatı obyektidir. Hazırda bu sistem respublikanın şimal bölgəsinin 150 min hektara yaxın torpaq sahəsinin suvarma suyuna, Bakı, Sumqayıt şəhərlərinin, Abşeron yarımadasının içməli, suvarma və texniki suya olan tələbatının 60 faizini təmin edir.

Suya daim artan ehtiyacı ödəmək üçün Samur-Abşeron magistral kanalı uzun müddət ərzində fasiləsiz olaraq, əsaslı təmirə dayanmadan istismar edilirdi. Bunun nəticəsində kanalın beton örtüyü dağılıb hissə-hissə sıradan çıxmış, qurğuların bir hissəsi funksiyasını itirmiş, su itkisi artmışdı. Heydər Əliyevin tapşırığına əsasən bu problemin həlli yolları araşdırıldı və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması ilə bağlı təxirəsalınmaz tədbirlərin işlənib həyata keçirilməsi təklif olundu.

Birinci mərhələdə Samur çayı üzərində baş sugötürücü qurğunun və Samur-Abşeron kanalının Vəlvələçaya qədər olan hissəsinin yenidən qurulması, Xanarx kanalının, Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan kanallarının və Taxtakörpü su anbarının tikintisi nəzərdə tutulurdu. İqtisadi səmərəlilik baxımından bu layihə çox sərfəli idi. Təkçə suyun öz axını ilə Ceyranbatan gölünə ötürülməsi nəticəsində Sitalçay və Ceyranbatan nasos stansiyalarının ləğv edilməsi ilə ildə 167 milyon kilovat/saat elektrik enerjisinə qənaət edilməsi mümkün olacaqdı.

Vayxır su anbarının inşasına isə 1983-cü ildə başlanılmış, lakin 1995-ci ildən maliyyə vəsaitinin olmadığı üçün tikinti işləri dayandırılmışdı. Heydər Əliyevin 2002-ci ildə Naxçıvan Muxtar Respublikasında olarkən su anbarının istismara verilməsi barədə göstərişindən sonra dövlət büdcəsindən ayrılmış vəsait hesabına Türkiyənin tikinti şirkətləri tərəfindən bu obyektin tikintisi başa çatdırıldı.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük tarixi xidmətlərindən biri də dünyanı bürümüş iqtisadi böhranların, münaqişələrin hökm sürdüyü çətin bir şəraitdə əsasını qoyduğu uğurlu inkişaf strategiyasını davam etdirmək kimi çox böyük məsuliyyətli və taleyüklü vəzifəni şərəflə irəli aparmaq üçün dövlət idarəçiliyi təfəkkürünə malik İlham Əliyevə etibar etməsi oldu. Prezident İlham Əliyevin rəhbərliyi altında son 15 il ərzində ölkəmiz böyük inkişaf yolu keçmişdir. Azərbaycan bütün sahələrdə yüksək uğurlara imza atmışdır. İqtisadiyyatımızın aparıcı sahələrindən olan meliorasiya və su təsərrüfatı sistemi də qazanılmış nailiyyətlərdə öz yeri və payı olan sahəyə, genişmiqyaslı islahatların ünvanına çevrilmişdir. 2004-2018-ci illərdə bütün maliyyə mənbələri hesabına 4,2 min kilometr uzunluğunda suvarma kanalları, 2,8 min kilometr uzunluğunda kollektor-drenaj şəbəkələri tikilmiş, 413 min hektar sahədə torpaqların su təminatının və 264 min hektar sahədə meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilmiş, 166 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilmişdir. Mövcud torpaq mühafizə bəndlərinin 800 kilometrdən artıq hissəsi əsaslı surətdə möhkəmləndirilmiş, çaylarda sel və daşqınlara qarşı 187 kilometrdən artıq mühafizə tədbirləri həyata keçirilmiş, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 2273 subartezian quyusu qazılmışdır. Bunlardan əlavə, Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə su anbarları tikilmiş, Pirsaatçay, Zoğalavaçay, Ləvain su anbarları təmir-bərpa edilmişdir. Ölkədə pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün, üzümçülüyün, sitrus meyvələrinin və digər kənd təsərrüfatı məhsulları istehsalının inkişafı ilə əlaqədar təsdiq edilmiş, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında, kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində meliorasiya və su təsərrüfatı sahəsi üzrə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ölkə əhalisinin daxili istehsal hesabına ərzaq məhsulları ilə etibarlı təminatına, sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarından daha səmərəli istifadə edilməsinə imkanlar yaradacaq.

Bütün bunlar o deməkdir ki, Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursu Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük əzmlə, uğurla davam etdirilir və öz bəhrəsini verir.

Ruslan Behbudov,

Nərimanov rayon Sukanal İdarəsinin rəisi

Share