İlham Əliyevin imzası xalqın, millətin imzasıdır

İlham Əliyevin imzası xalqın, millətin imzasıdır

22.12.2023 Off By Füzuli İsmayılov

   “Həyatımın yarıdan çoxunu Bakı Dövlət Universiteti kimi Azərbaycanın ilk və aparıcı ali təhsil müəssisəsində dərs deyən müəllimə olaraq  əyani tələbə ilə qiyabi tələbə arasındakı fərqi çox yaxşı bilirəm. Bizlər hamımız H.Əliyev məktəbinin qiyabi tələbələri, İlham Əliyev isə onun əyani tələbəsidir”.

2003-cü ildə prezidentliyə namizəd İ. Əliyevin seçkiqabağı kompaniyasında söylədiyim bu sözlərdən düz 20 il ötür. 20 ildir ki, bu yolun ən sadiq yolçusu, Ulu Öndər kursunun ən layiqli davamçısı əyani tələbə adını qürurla daşımaqda, bu adın məsuliyyətinin təməl prinsiplərini həyatının kredosuna çevirməkdədir.    

       Yaşanan 20 ilin xülasəsini bir cümləyə sığışdırmalı olsaydıq yəqin ki, o, təxminən belə səslənərdi: “Gərgin, prinsipial, yorulmaz fəaliyyət, sonsuz mübarizə və mücadilələr fonunda reallaşdırılan titanik miqyaslı işlər, saysız-hesabsız proyektlər və əldə olunan parlaq, uğurlu nəticələr. Təbii ki, bu zaman kəsimində respublikamızın regionda lider, dünya arenasında müstəqil siyasət yeritmək statusuna yiyələnərək söz sahibinə çevrilməsi, ölkəmizin Beynəlxalq münasibətlər sistemində nüfuzunun yüksəlməsi bütün sferalardakı inkişaf və qlobal kontekstdə balanslaşdırılmış uğurlu xarici siyasətin məntiqi göstəricisidir. Sadaladığımız və sadalamadığımız çoxsaylı uğurların altında sözsüz ki, siyasi qətiyyəti, cəsarəti, intellekt və prinsipial mövqeyi ilə seçilən qalib komandan – İlham Əliyevin imzası var. Onun imzası isə xalqın, millətin imzasıdır. Məhz bu səbəbdən bu gün ölkə rəhbərinin timsalında böyük fəxr və qürur hissi ilə deyə bilirik: “Var millətimin imzası imzalar içində”.  Azərbaycanın tarixi ərazilərinin bərpası, 30 illik həsrətə son qoyularaq Qarabağımızın işğaldan azad olunması kimi yuxularımızın, xəyallarımızın gerçəkləşdirilməsi də məhz onun adı ilə bağlıdır.

       Azərbaycan xalqının artıq öz seçimini edərək  sülhə, sabitliyə, davamlı inkişaf və sosial rifaha səs verəcəyi məlum həqiqətdir. Biz isə öz növbəmizdə möhtərəm İlham Əliyevə çətin və şərəfli işində uğurlar, Azərbaycanın müstəqilliyi yolunda dönməzlik, qətiyyət, böyük arzularını reallaşdırmaq üçün fiziki sağlamlıq və uzun, mənalı ömür arzulayırıq. Müzəffər xalq, müzəffər ordu və müzəffər rəhbər birliyi ilə Azərbaycan adına böyük hədəflərə mətin addımlarla inamla, İLHAMLA İRƏLİ !!!

 Əsmətxanım Məmmədova,

I və II çağırış Milli Məclisin deputatı,

Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin dosenti,

filologiya elmləri üzrə fəlsəfə doktoru

 

Share