Layiqli liderimiz İlham Əliyevin inamlı qələbəsinə artıq saatlar qalır
05.02.2024Ümummilli liderin siyasi kursunun yeganə düzgün yol olduğunu görən xalqımız 2003-cü ildə keçirilən seçkilərdə onun layiqli varisi İlham Əliyevi dəstəkləyərək 76,8 faiz səslə onu özünə yeni Prezident seçdi. Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz liderinə inam və etimadı son dərəcədə artdı. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qazandı.
Əsrə bərabər 20 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı.
Ötən 20 ildə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirildi. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Məhz bu ordu öz Ali Baş Komandanının qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq qurtuluş savaşını başladı və dünyanı heyrətə salan hərbi uğurlara imza atdı. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın noyabrın 8-də işğaldan azad edilməsi tariximizə şanlı Zəfər Günü kimi yazıldı. Bundan iki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Prezidentin qayğısı və diqqəti sayəsində son illərdə Bakı şəhərində və onun qəsəbələrində də tikintiquruculuq işləri daha geniş vüsət alıb. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair 2006–2007, 2011–2013 və 2014–2016-cı illəri əhatə edən Dövlət Proqramlarının icrası, eləcə də Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında Bakı şəhəri və qəsəbələri üzrə həyata keçirilən tədbirlər paytaxtda irimiqyaslı infrastruktur layihələrinin gerçəkləşməsinə, sahibkarlıq və investisiya fəaliyyətinin genişlənməsinə, əhaliyə göstərilən xidmətlərin, o cümlədən, kommunal və sosial xidmətlərin həcminin və keyfiyyətinin daha da yaxşılaşmasına, abadlıq işlərinin sürətlənməsinə şərait yaradıb. Həmin proqramların icrası nəticəsində Bakı şəhəri, onun qəsəbə və kəndləri yeni inkişaf mərhələsinə qədəm qoyub, rəqabətqabiliyyətli və ixracyönümlü ən müasir müəssisələr yaradılıb, yeni iş yerləri açılıb, əhalinin həyat səviyyəsi daha da yüksəlib
Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyevin Azərbaycanı dünyanın ən inkişaf etmiş dövlətlər cərgəsinə çıxaracağı günlər uzaqda deyil. Xalqımız ölkənin yüksələn rifahı, dövlətin təhlükəsizliyi və beynəlxalq arenada nüfuzunun yüksəldilməsi sahəsində həyata keçirdiyi uğurlu işlərə görə dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq edir, onunla qürur duyur.
Məhəddin Ələsgərov,
Bakı Neftmaşınqayırma zavodunun direktor müavini











