QANUN ŞAHDIR, ŞAH QANUN DEYIL-ELVİN YUSİFOV ONA QARŞI DƏLƏDÜZLUQDAN ŞİKAYƏTLƏNİR

QANUN ŞAHDIR, ŞAH QANUN DEYIL-ELVİN YUSİFOV ONA QARŞI DƏLƏDÜZLUQDAN ŞİKAYƏTLƏNİR

01.04.2024 Off By Füzuli İsmayılov

Redaksiyamıza Abşeron rayonu, Xırdalan şəhəri, M.Adıgözəlov ev 16-ünvanında yaşayan və qeydiyyatda olan, III qrup əlil Yusifov Elvin İlqar oğlu(mob.055 632 92 33) müraciət edərək dələduzlar tərəfindən aldadılaraq 20 min manatının mənimsənildiyini, hüquq-mühafizə orqanlarında bu işin qəsdən yubadılaraq haqqının pozulmasını qeyd edir.

Elvin Yusifov bildirir ki, 25.01.1986-cı il təvəllüdlü Ağacanov Elçin Nazim oğlu Bakı şəhəri 14 saylı

notariat ofisində ona verilmiş səlahiyyətlərə əsasən Qazıyev Taryel Camal oğlunun mülkiyyətində olan 2005-ci il buraxılışlı TOYOTA PRİUS (HİBRİD), 77 DV 419 dövlət qeydiyyat nişanlı minik avtomaşınını
mülki etibarnamə əsasında 20.000 (iyirmi min AZN ) məbləğində dəyərləndirərək ona satmışdır.
Elvin ilkin ödəniş kimi 6.000 AZN qardaşı Yusifov Fuad İlqar oğlunun adına olan 90KV 481 dövlət qeydiyyat nişanlı, 2006-cı il qara şahin “Tofaş” minik avtomaşınını hesablamış və pulun qalan hissəsini 28 ay, hər ayın 10-da 500 AZN ödəməklə borc müqaviləsi əsasında tam ödəniş bitənədək sürmə etibarnaməsi ilə
sövdələşərək Ağacanov Elçin Nazim oğlundan almışdır. Hətta əlavə olaraq Elvin 200 AZN Elçin Ağacanov tərəfindən tərtib edilmiş müqavilə üçün də ödəniş etmişdir.
Lakin Ağacanov Elçin Nazim oğlu Elvinə qarşı dələduzluq edərək ona verilmiş etibarnaməni 21.11.2023-cü il tarixdə ləğv edərək telefonlarına cavab verməmiş, bununla da Elvinin etibarından sui istifadə edərək pulunu və ona verilən “Tofaş” avtomobilini mənimsəmişdir.
Yusifov Elvin İlqar oğlu tərəfindən Ağacanov Elçin Nazim oğluna aralarındakı sövdələşmədən sonra 15700 AZN ödənilib. Dəfələrlə Elçin Ağacanova və onun şəriki Taryel Qaziyevə zəng vuraraq ya pulunun, ya da maşının geri qaytarılmasını istəyən Elvin Yusifov bu və ya digər bəhanələrlə aldadılmış, hədələnmiş, sonda hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa müraciət edərək avtomobil icarəsi ilə məşğul olan və tez-tez ünvanlarını dəyişən Elçin Ağacanov barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir.

Redaksiyaya Elvin Yusifov təqdim etdiyi sənədlərdən bəlli olur ki, aylarla Xətai RPİ-nin İstintaq idarəsində apaılan cinayət işi polis mayoru, müstəntiq Elgiz Məmmədov tərəfindən sonradan ərazi aidiyyatı üzrə Abşeron RPİ-yə göndərilmiş və iş müstəntiq Məcid Məcidlinin icraatındadır. Elvin Yusifov iddia edir ki, Abşeron RPİ-nin İstintaq şöbəsində iş bilərəkdən yubadılır, bu ilin fevralın 16-dan Abşeron RPİ-yə göndərilən cinayət işi ilə bağlı müstəntiq Məcid Məcidli hələ məni dəvət etməyib. Bəzi mənbələrdən aldığım məlumata görə işin xitam edilməsinə çalışır.

Bildirək ki, Xətai RPİ-nin İŞ-də polis mayoru, müstəntiq Elgiz Məmmədov tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4(dələduzluq) maddələri ilə cinayət işi açılaraq Yusifov Elvin İlqar oğlu iş üzrə zərərçəkmiş kimi tanınmışdır. Lakin Bakı şəhəri, Xətai rayon Məhkəməsinin (hakim Fuad Axundov) 31 yanvar 2024-cü il tarixli qərarı ilə Xətai rayon Polis İdarəsinin İstintaq
şöbəsində istintaq olunan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2
və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs Ağacanov Elçin Nazim oğlunun
barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Xətai rayon Prokurorunun
təqdimatı təmin edilməyərək, təqsirləndirilən şəxs Ağacanov Elçin Nazim oğlunun
barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir.
Elvin Yusifov bildirir ki, hərçənd ki, dələduz Ağacanov Elçin Nazim oğlu mənə 1 qəpik belə ödəməyib və
hətta 31 yanvardan ev dustaqlığına buraxılsa da, yenə öz ampulasında arxayın gəzməkdə, istirahət guşələrində şəkillərlə paylaşmaqda davam edir.
16 fevral 2024-cü ildə cinayət işi aidiyyatı üzrə baxılması üçün Abşeron
RPİ -yə göndərilsə də, işə istintaq şöbəsində səthi yanaşmaları barədə DİN-nin “102”
xidmətinə məlumat verən E. Yusifov nəhayət işin istintaq şöbəsində müstəntiq Məcid Məcidliyə verildiyini bildirir. Ancaq yenə də, qeyri-obyektiv yanaşma, işin xitam edilməsi cəhdləri davam edir. Bu mənə qarşı istintaq orqanının ədalətsizliyi, biganə münasibətidir,-deyən Elvin Yusifov redaksiyadan məsələnin ictimailəşdirilməsini, müvafiq orqanları məlumatlandırlmasını xahiş edir.

Elvin Yusifov redaksiyaya yazdığı ərizə ilə bərabər müvafiq orqanlara çoxlu sayda müraciətlərinin surətini, audiosəs yazılarını təqdim etmişdir.

Biz də Elvin Yusifovun şikayətini ictimailəşdirməklə yanaşı, müvafiq orqanlardan işin ədalətli həlli, Elvinə dəymiş zərərin ödənilməsinə köməklik göstərilməsini xahiş edirik.

Füzuli Əfqanoğlu,

“HAKİMİYYƏT” qəzetinin Baş redaktoru

P.S. İşin nəticəsi barədə oxucularımızı məlumatlandıracağıq!

Share