NƏRİMAN NƏRİMANOV YAŞADIĞI MÜHİTİN GÖRKƏMLİ SİMASIDIR
28.04.2024Doktor Nəriman Nərimanov (1870-1924)… Böyük ictimai-siyasi xadim, maarifçi, pedaqoq, yazıçı, publisist və dramaturq… Onun adı Azərbaycanın ictimai fikir və mədəniyyət tarixində mühüm yerə malikdir. O bir tərəfdən görkəmli dövlət və fəal siyasi xadim, digər tərəfdən ədəbiyyat tariximizdə görkəmli nasir, böyük dramaturq, eləcə də ictimai fikir tarixində fəal milli ziyalı və publisist kimi tanınıb.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu görkəmli ictimai-siyasi xadim və yazıçının fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Nəriman Nərimanovun əməkçi kütlələri maarifləndirmək əzmi, insanlara xidmət etmək kimi nəcib bir arzusu, hadisələri dərindən başa düşməsi, istedad və bacarığı onu Azərbaycan demokratik və ictimai-siyasi fikir nümayəndələrinin ön cərgəsinə çıxartdı. …Nəriman Nərimanov öz dövrünün, yaşadığı mühitin çərçivəsində böyümüş görkəmli simadır, böyük siyasi xadimdir”.
“XIX əsrin 70-90-cı illərini Azərbaycan ədəbiyyatının “yetimlik dövrü” adlandırırlar”, – deyə yazan görkəmli elm adamı akademik İsa Həbibbəyli Nəriman Nərimanov kimi ədəbi simalar haqqında haqlı olaraq dəqiq və səlis şəkildə göstərirdi ki: “Heç bir müəllimi, ustadı, canlı sələfi olmayan C.Məmmədquluzadə, N.Nərimanov, S.Qənizadə, M.Ə.Sabir və başqaları kimi şairlər XIX əsrin 80-”90-cı illərində yazdıqları əsərlərlə ədəbiyyatı yetimlik dövründən xilas etdilər. Dərinləşməkdə olan ədəbi böhranın və ya uçurumun aradan qaldırılmasında 1894-cü ildə yazılmış iki əsərin – Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” povestinin və Nəriman Nərimanovun “Nadanlıq” dramının xüsusi yeri var idi”. Bu mənada görkəmli siyasi xadim və ədib Nəriman Nərimanovun qələmindən çıxan “Nadanlıq”, “Şamdan bəy” və “Nadir şah” kimi dram əsərləri Azərbaycan dramaturgiyasının inkişafı və zənginləşməsinə mühüm töhfələr verib. Ədibin “Bahadır və Sona” romanı, “Pir” povesti, “Bir kəndin sərgüzəşti”, “İdil kənarında”, “Şeytan bazarda” kimi hekayələri Azərbaycan bədii nəsrinin inkişafına istiqamət verən əsərlər olaraq əhəmiyyət qazanıb. Ədibin “Bahadır və Sona” əsəri Azərbaycan ədəbi düşüncəsi və yaradıcılıq ənənələrinin üzərində qurularaq meydana gələn və Azərbaycan tolerantlığı, multikultural düşüncəsini nümayiş etdirən, ictimai-siyasi görüşlərini ortaya qoyan əsərlərdən biri kimi qiymət qazanıb. Çoxsaylı publisist yazılarında mənsub olduğu xalqının və ölkəsinin qayğılarını dilə gətirməyə, problemlərinə çözüm gətirməyə səy göstərib. Onun məşhur “Həftə fəryadı” və “Cümə söhbəti” publisit məqalələri mətbuat tariximizdə Məhəmmədağa Şahtaxtılı ilə başlayan silsilə məqalələrin uğurlu davamı və sanballı nümunələridir. Bu görkəmli publisistin “Həftə fəryadı” silsilə məqaləsi bir xalqın ziyalısının qəlbində yer edən ictimai bəlalardan ibarət dərd yığnağının əsl fəryadı idi.



“Borçalı Cəmiyyəti” İctimai Birliyi “Atatürk mərkəzi”ndə dahi şəxsiyyətin həyat və bədii yaradıcılığı ilə bağli geniş tədbir keçirdi. Tədbirdə ölkəmizin tanınmış ictimai-siyasi xadimləri, elm adamları və ictimayyətin nümayəndələri iştirak edirdilər. Tədbiri giriş sözüylə “Borçalı cəmiyyəti” İctimai Birliyinin sədri Ramiz Həsənov açaraq ilk olaraq sözü tarixçi-alim Firdovsiyyə Əhmədovaya verdi. Firdovsiyyə xanım N. Nərimanovun həyat və yaradıcıığından geniş məlumat verdi.
Müstəqil Azərbaycanın ilk baş naziri, uzun illər Xarici İşlər naziri işləmiş Həsən Həsənov isə Nərimanovun bədii yaradıcılığı ilə yanaşı dövlətçilik xidmətlərindən danışaraq, tarixdə böyük əhəmiyyət kəsb edən əməllərini xüsusi qeyd etdi.
Fəlsəfə elmləri doktoru Əmirxan Babaşov, Bakı Dövlət Universitetinin professoru Həmid Vəliyev və başqaları çıxış edərək N. Nərimanovun həyat və yaradıcılığı haqda fikirlərini və eşitdikləri xatirələrdən danışdılar.
Sonda N. Nərimanovun irsini gələcək nəslə çatdırmaq üçün daha da fəal olmaq üçün təkliflər verildi.
Tədbir xatirə şəkili çəkməklə yekunlaşdı.

Ramiz Həsənov,
“Borçalı Cəmiyyəti” İctimai Birliyinin sədri











