“Aztelekom” ilin sonunadək Azərbaycan vətəndaşlarını minimum 25 meqabit/saniyə sürətlə təmin edəcək

“Aztelekom” ilin sonunadək Azərbaycan vətəndaşlarını minimum 25 meqabit/saniyə sürətlə təmin edəcək

16.05.2024 Off By Füzuli İsmayılov

“Aztelekom” ilin sonunadək Azərbaycan vətəndaşlarını minimum 25 meqabit/saniyə sürətlə təmin etməyi planlaşdırır.

Bu barədə “Aztelekom” MMC-nin baş direktoru Tural Pirverdiyev “GSMA M360 Eurasia 2024” konfransında deyib.

“”Onlayn Azərbaycan” layihəsi mövcud ADSL (Asymmetric Digital Subscriber Line) texnologiyasını GPON (Gigabit Passive Optical Networks) texnologiyası ilə əvəz etməyə yönəlib ki, bu da saniyədə 1 qiqabatadək sürətlə yüksəksürətli interneti təmin edəcək. Təşəbbüsün məqsədlərinə perspektivli və ekoloji cəhətdən təmiz infrastrukturun yaradılması, həmçinin göstərilən xidmətlərin keyfiyyətinin artırılması daxildir”, – deyə o bildirib.

T.Pirverdiyev “Aztelekom”un Azərbaycanda telekommunikasiya sahəsində aparıcı provayder olduğunu qeyd edib.

“Bütün fəaliyyətimiz müddətində müştərilərimizin dəyişən ehtiyaclarını ödəmək üçün təklif etdiyimiz xidmətlərin, o cümlədən yüksək sürətli internet, telefon rabitəsi, televiziya və bir çox digər xidmətlərin siyahısını genişləndirmişik”, – deyə o əlavə edib.

Qeyd edək ki, 15-16 may tarixlərində Bakıda “M360 Eurasia 2024” beynəlxalq konfransı keçir.

Tədbirdə region üzrə aparıcı ekspertlər, tənzimləyici qurumların, mobil rabitə operatorlarının və İT korporasiyalarının rəhbərləri, eləcə də yüksək vəzifəli siyasətçilər və digər iştirakçılar bir araya gəlib.

“M360 Eurasia” Bakıda ikinci dəfədir ki, keçirilir.

Share