Prokurorluq əməkdaşı ətraf mühitin qorunması ilə bağlı beynəlxalq tədbirdə iştirak edib

Prokurorluq əməkdaşı ətraf mühitin qorunması ilə bağlı beynəlxalq tədbirdə iştirak edib

01.07.2024 Off By Füzuli İsmayılov

BMT-nin ABŞ-ın Nyu-York şəhərində yerləşən mənzil qərargahında Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin birgə təşkilatçılığı ilə “İqlim mühafizəsi üzrə Hüquq Mühafizə Orqanlarının Beynəlxalq Təşəbbüsü (I2LEC)” platforması tərəfindən “Ətraf mühitin qorunması üzrə beynəlxalq strategiyalar” adlı tədbir təşkil edilib.

Tədbirin məqsədi ətraf mühitin mühafizəsi fəaliyyətində hüquq mühafizə orqanlarının iştirakının gücləndirilməsi ilə bağlı panel müzakirələrin aparılması olub.

BMT-nin Baş katibinin müavini Jean-Pierre Lacroix, BMT Baş katibinin köməkçisi Alexandr Zoyev, BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (UNODC) və Beynəlxalq Polis Təşkilatının (İNTERPOL) nümayəndələrinin, müxtəlif ölkələrin nümayəndə heyətlərinin 60-dan çox üzvünün qatıldığı tədbirdə Azərbaycan Prokurorluğunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi Səbuhi Alıyev təmsil edib.

Açılış nitqi ilə çıxış edən Səbuhi Alıyev ölkəmizin bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a ev sahibliyi edəcəyini, bunun Azərbaycanın yürütdüyü sülhün və təhlükəsizliyin təşviqinə yönəlmiş qlobal həmrəylik siyasətinə beynəlxalq aləm tərəfindən göstərilən diqqətin nümunəsi olduğunu, ərazilərinin böyük bir hissəsinin 30 illik işğalı dövründə ekoloji terrora məruz qalmış bir ölkə kimi Azərbaycanın ətraf mühitin qorunmasına və iqlim dəyişikliklərinin mənfi təsirlərinə xüsusi həssaslıqla yanaşdığını bildirib.

Bundan sonra keçirilmiş panel müzakirələrdə çıxış edən nümayəndəmiz ekoloji cinayətlərin aşkara çıxarılması, istintaqı və qarşısının alınmasında təcrübədə mövcud olan çətinliklər və onların həlli yollarına dair fikirlər səsləndirib.

Share