Azad edilmiş ərazilərdə nə qədər abidə pasportlaşdırılıb?

Azad edilmiş ərazilərdə nə qədər abidə pasportlaşdırılıb?

18.07.2024 Off By Füzuli İsmayılov

Cari dövrə qədər işğaldan azad olunmuş ərazilərdə inventarlaşdırılan abidələrdən 63-nün pasportlaşdırılması işləri yekunlaşdırılıb.

Bunu Trend-in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən 542 abidənin, eləcə də 368 tarixi, memarlıq və arxeoloji əlamət kəsb edən obyektin inventarlaşdırması həyata keçirilib.

“İnventarlaşdırılma işləri zamanı əksər abidələrin ermənilər tərəfindən vandalizmə məruz qaldığı, təhqir edildiyi, təyinatına uyğun olmayan şəkildə istifadə olunduğu müəyyən edilib.

Baxış keçirilməyən abidələrin əksəriyyəti isə təhlükəsizlik baxımından riskli, yaşayış məntəqələrindən kənar, yüksək dağlıq və meşəlik ərazilərdə yerləşir. Hazırda həmin ərazilərdə yerləşən abidələrin də inventarlaşması üzrə işlər davam etdirilir.

Tarixi abidələrin mühafizə zonalarının müəyyən olunması üzrə isə 32 layihə ilə bağlı işlər tamamlanıb. 2024-cü ilin planına əsasən qeyd olunan istiqamətlər üzrə işlər davam etdirilir”, – deyə qurumdan qeyd edilib.

Share