Günay Əkbərova: Sertifikasiyadan keçən müəllimə cəmiyyət daha çox güvənir
23.08.2024Təhsilverənlərin sertifikatlaşdırılması məsələsi son günlərin ən çox müzakirə olunan mövzularından biridir. Təbii ki, bu belə də olmalıdır. Çünki, biz cəmiyyətimizin inkişafı, ölkəmizin gələcəyi üçün ən vacib məsələdən danışırıq. Hər bir valideyn istəyir ki, ətraf mühiti, özünü anlamağa başladığı, valideyndən sonra ilk duyğuyüklü təmas qurduğu zamandan övladının yetkinlik yaşına qədər, hətta ömrünün sonunacan üzərində təsiri qalan, onu öyrədən, həyatın keşməkeşinə hazırlayan müəllimi savadlı olsun. Neçə illik praktikamızdan görürük ki, müəllimin şagirdlər, tələbələr üzərində buraxdığı izlər əsasən valideynlərdən belə çox olur. Bu əslində müəllimin bir cəmiyyətin yetişməsində rolunun böyüklüyünü də göz önünə sərir.
Müəllim hər bir peşə sahibini cəmiyyət üçün hazırlayır. Cəmiyyət ilmə -ilmə müəllimin yetişdirdiyi şagirdlərdən toxunur. Bu bizə öz məsuliyyətimizin nə qədər böyüklüyünü hiss etdirir, buna görə də bu gün sertifikatlaşdırılmada hər bir müəllimin iştirakının əhəmiyyəti çox-çox böyükdür. Artıq təbii haldır ki, sertifikasiyadan keçən müəllimə cəmiyyətimiz daha çox güvənir, övladının gələcəyinin əmin əllərdə olduğuna inanır.
Hər bir valideyn istəyər ki, övladını əmanət etdiyi müəllim savadlı, öz fənninə hakim, əhatəli-ensiklopedik biliyə malik olsun. Bəs digər yöndən necə? Müəllim üçün faydası nələrdir? Bu da kifayət qədər vacib və əhəmiyyətli bir sualdır. Buna isə statistiki yöndən baxaq.
Sertifikatlaşdırmadan sonra müəllimlərin əməkhaqqına əhəmiyyətli miqdarda artım olunur. 2022-ci ildə keçirilmiş sertifikatlaşdırmadan sonra prosesi uğurla tamamlayaraq 51-60 bal toplamış 3 163 müəllimin vəzifə maaşına 35 faiz, 30-50 bal toplamış 5 624 müəllimin vəzifə maaşına isə 10 faiz əlavə edilib. 2023-cü il üzrə sertifikatlaşdırmadan keçmiş 5 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 914 təhsilverənə isə 10 faiz artım tətbiq olunub.
Bunlar çox ciddi rəqəmlərdir. Bundan başqa elm və təhsil naziri Emin Əmrullayev önəmli bir digər məqama da müsahibələrində toxunmuşdu. O, “Sertifikatlaşdırmadan keçmiş müəllimlərin sertifikatlaşdırma nəticələrinin gələcəkdə məktəb direktoru və müavini seçimində, o cümlədən qeyri-maddi rəğbətləndirilmə prosesində nəzərə alınması planlaşdırılır” deyə vurğulamışdı.
Bu məsələdə digər ciddi bir məqam da var. Bu il yenə də ötən dövrdə olduğu kimi sertifikatlaşdırmada ilkin mərhələdə uğur qazanmayanlar təkrar sertifikasiyaya cəlb olunacaqlar. Elm və Təhsil Nazirliyi bu məqsədlə müvafiq təlimlər keçirəcək, metodiki dəstək verəcək. Bu ölkəmizdə müəllimə dövlətimiz tərəfindən göstərilən ən böyük qayğı və ən yaxşı dəstəkdir. Təkrar sertifikatlaşdırma olunduqda bir müəllimin bu sertifikasiyadan keçə bilməsi üçün bütün imkanlar yaradılır.
Sertifikatlaşdırmanın ikinci mərhələsi də çox əhəmiyyətlidir. Müəllimlərin metodiki, ixtisas bilikləri ilə yanaşı tədris prosesini idarəetmə keyfiyyətinin yoxlanılması əslində bacarıqlı müəllimlərin qarşısında ikinci bir pəncərə açır. Səriştəli, mövcud proqram əsasında mentorluq qabiliyyəti yüksək olan, düzgün istiqamətləndirməyi bacaran, qarşısındakı şagirdi həvəsləndirməyi bacaran, təhsili üçün can yandıran və .s. müəllimlər önə çəkilcək, təhsilimizin keyfiyyətinin günü gündən artdığı günümüzdə gedilən yolun möhkəmləndirilməsində iz buraxacaqlar.
2026 – cı ilə qədər 135 min təhsilverənin sertifikatlaşdırma prosesinə cəlb olunması nəzərdə tutulub, planlaşdırılır. Bu bir çox müəllim üçün faydalı bir “özünəkənardanbaxış” fürsətinə çevrilməli, hər daim yenilənən dünya təhsil proseslərində geridə qalan addımını önə çəkməyə yönəlməli, özünüinkişafın prioritetinə çevrilməlidir. Ümid edirik ki, hər bir məsuliyyətli müəllim sertifikatlaşdırma prosesini bu baxış bucağı ilə görəcək, öz üzərində daha çox çalışacaq, daha yaxşı nəticələr əldə edəcək.