Məşhur MMA döyüşçüsü Elçin Hüseynov 121 saylı Laçın seçki dairəsindən namizədliyini verib

Məşhur MMA döyüşçüsü Elçin Hüseynov 121 saylı Laçın seçki dairəsindən namizədliyini verib

28.08.2024 Off By Füzuli İsmayılov

Məşhur MMA döyüşçüsü Elçin Hüseynov Azərbaycanda deputatlığa namizəd olub. O, 121 saylı Laçın seçki dairəsindən namizədliyini verib.

Elçin Hüseynov təkcə idman sahəsindəki uğurları ilə deyil, həm də 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətlə tanınır. E.Hüseynovun hərbi və idman sahəsindəki fəaliyyəti onun geniş ictimaiyyət arasında böyük hörmət qazanmasına səbəb olub.
O, MMA döyüşçüsü olaraq bir çox beynəlxalq və yerli turnirlərdə iştirak edib və müxtəlif mükafatlar qazanıb.
O gücü, sürəti və taktiki bacarıqları ona döyüş meydanında böyük üstünlük qazandırıb. Ən son uğurlarından biri isə 2024-cü ilin fevralında Gürcüstanda keçirilən beynəlxalq MMA turnirində erməni rəqibinə qarşı qazandığı qələbədir. Bu qələbə onun döyüş meydanında nə qədər güclü və qətiyyətli olduğunu bir daha sübut edib. Elçin Hüseynov 44 günlük Vətən müharibəsində könüllü olaraq iştirak edib və cəbhədə göstərdiyi qəhrəmanlıqla yadda qalıb. Onun müharibə zamanı göstərdiyi şücaət, ölkəsinin müdafiəsi uğrunda verdiyi mübarizə ona xalq arasında böyük hörmət qazandırıb.
E. Hüseynovun deputatlığa namizədliyi onun cəmiyyətə daha geniş miqyasda xidmət etmək istəyindən irəli gəlir. O, gənclərə və idmançılara dəstək olmaq, vətənpərvərlik ruhunu təbliğ etmək və ölkənin inkişafına töhfə vermək məqsədilə bu addımı atıb.
Tanınmış MMA döyüşçüsü parlamentdə idman, gənclər siyasəti və vətənpərvərlik mövzularında islahatlar həyata keçirmək niyyətindədir. O, gənclərin idmana cəlb edilməsi, onların fiziki və mənəvi inkişafının təmin edilməsi, həmçinin şəhid ailələrinin və qazilərin sosial müdafiəsi ilə bağlı məsələlərə xüsusi diqqət yetirməyi planlaşdırır.





İnanırıq ki, işğaldan azad olunmuş Laçınımızda seçicilər layiqli namizədə səs verəcək!

Share