Media nümayəndələri üçün “ESG Hesabatlarının Tərifi və Təhlili” mövzusunda seminar keçirilib
21.10.2024Hakimiyyet.info.az xəbər verir ki, oktyabrın 21-də Heydər Əliyev Mərkəzində media nümayəndələri üçün “ESG Hesabatlarının Tərifi və Təhlili” mövzusunda seminar təşkil olunub. Seminar COP29 Azərbaycan Əməliyyat Şirkətinin, Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham), “Coca-Cola Azərbaycan” və “PwC Azərbaycan” şirkətlərinin birgə təşkilatçılığı ilə keçirilib.
Bildirilib ki, seminarın məqsədi son illərdə Ətraf mühit, Sosial və İdarəetmə (ESG) hesabatlarının əhəmiyyətinə artan qlobal diqqət fonunda media nümayəndələrinin mövzu ilə yaxından tanış olmaları, jurnalistlərin ESG hesabatlarına dair dərin biliklərlə təmin edilməsidir.
Seminarda çıxış edən COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf yaşıl dünya naminə həmrəylik, davamlılıq fəaliyyəti, iqlim fəaliyyəti, eləcə də COP29 konfransının ölkəmiz üçün bir tədbir xarakteri daşımadığını, bunun bir proses olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, ölkəmiz yaşıl transformasiya üçün kifayət qədər uzunmüddətli və iddialı hədəflər təyin edib. İqlim konfransına ev sahibliyi də həmin hədəflər sırasındadır. “Əsas hədəfimiz ondan ibarətdir ki, iqlim konfransı tərəflər üçün hərtərəfli effektiv təşkil olunsun. Buna görə də COP29 Sədrliyi olaraq üzərimizə böyük məsuliyyət düşür”, – deyə Ayan Nəcəf bildirib.
Onun sözlərinə görə, istər danışıqlar gündəliyinin bütün tərəflərə çatdırılması, istər təşkilatçılıq məsələləri üzrə məlumat mübadiləsinin düzgün təşviqində media nümayəndələrinin ixtisaslaşması və səriştələrinin artırılması əsas prioritetlərdəndir: “COP29 danışıqlarının mövzularının sadələşdirilməsi, şəffaf şəkildə geniş kütləyə çatdırılması medianın rolunu daha önəmli edir. Bu sahədə media nümayəndələri ilə təlim proqramlarına kifayət qədər geniş yer ayrılıb. Sevindiricidir ki, bu məsələdə özəl sektor da bizi tək qoymur”.
A.Nəcəf bildirib ki, iqlim fəaliyyəti kifayət qədər mürəkkəb proses olduğundan, bu sahədə dövlət və özəl sektorlarının, vətəndaş cəmiyyətinin, təşkilatların hesabatlılığı vacib məsələdir: “Bu xüsusda Ətraf mühit, Sosial və İdarəetmə (ESG) hesabatlarının geniş ictimaiyyətə çatdırılmasının təmin olunması mühüm əhəmiyyət kəsb edir”.
“Coca-Cola” şirkətinin Avrasiya və Yaxın Şərq üzrə ictimai əlaqələr kommunikasiya və davamlılıq üzrə baş direktoru Elşad Fərzəliyev isə çıxışında COP29 tədbiri zamanı dünyanın diqqətinin iqlim mövzusu ilə bağlı Azərbaycanda cəmləşəcəyini vurğulayaraq fikirlərinə belə davam edib: “Ölkəmizdə keçiriləcək beynəlxalq tədbirdə müzakirələrdə iştirakdan tutmuş, onun işıqlandırılmasına qədər media vacib rol oynayır. Bu səbəbdən də COP ərəfəsində belə bir seminar keçirmək qərarına gəldik”.
“Coca-Cola”nın dünyanın aparıcı şirkəti olaraq iqlim və dayanıqlı inkişaf mövzularına böyük önəm verdiyini deyən E.Fərzəliyev şirkətin biznes fəlsəfəsinin heç bir biznes qurumunun cəmiyyət, ətraf mühit inkişaf etmədən irəli gedə bilməyəcəyinə əsaslandığını diqqətə çatdırıb: “Biz də həmin inkişafın bir hissəsi olaraq daim qlobal, regional və yerli miqyasda dayanıqlı inkişaf sahəsinə həm investisiya qoyuruq, həm də biznes əməliyyatlarımızın dayanıqlılığını təmin etməyə çalışırıq. Həmin istiqamətdə nailiyyətlərimiz də var”, – deyə E.Fərzəliyev qeyd edib.
Daha sonra “Biznes mühitində paradiqm dəyişikliyini anlamaq”, “Daha yaxşı birgə gələcək üçün birlikdə: “Coca-Cola”nın davamlılıq strategiyası”, “Xəbər yazmaq sənəti və elmi”, “Azərbaycan ESG-nin hüquqi çərçivəsi bu gün”, ESG hesabatlarını necə oxumaq, anlamaq və təhlil etmək” mövzularında çıxışlar dinlənilib, media nümayəndələrinin sualları cavablandırılıb.
Həmçinin COP29 Əməliyyat Şirkəti nümayəndələri tərəfindən media nümayəndələri üçün COP29 tədbiri barədə təşkilati hazırlıq və media xidmətləri barədə təqdimatlar edilib.
Seminar zamanı COP29-un gündəlik tematik proqramı da açıqlanıb. Bildirilib ki, noyabrın 11-i COP29-un açılış günü, noyabrın 12-13-də isə İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammiti keçiriləcək.
Noyabrın 14-də Maliyyə, İnvestisiya və Ticarət Günü, noyabrın 15-də Enerji/Sülh, Yardım və Bərpa Günü, noyabrın 16-da Elm, Texnologiya və İnnovasiya/Rəqəmsallaşma Günü reallaşacaq. Noyabrın 17-də COP29-da heç bir tematik proqram nəzərdə tutulmayıb və istirahət günü olacaq.
Noyabrın 18-də İnsan kapitalı/Uşaqlar və Gənclər/ Sağlamlıq/Təhsil Günü, 19-da Qida, Kənd təsərrüfatı və Su Günü, 20-də Urbanizasiya/Nəqliyyat/Turizm Günü, 21-də Təbiət və Biomüxtəliflik/Yerli xalqlar/Gender Bərabərliyi/Okeanlar və Sahil Zonaları Günü keçiriləcək. Noyabrın 22-də isə yekun müzakirələr aparılacaq.
Noyabrın 4-dən 10-dək konfransa hazırlıq mərhələsində COP29 Sədrliyinin təşəbbüsü ilə müxtəlif mövzularda danışıqlar aparılacaq, kiçikhəcmli konfranslar, sessiyalar təşkil ediləcək.