HƏBİB ZƏRBƏLİYEV “fenomen”i-YAXUD “fenomen”ə İCTİMAİ NİFRƏT
27.10.2024Bir neçə müddətdir cəmiyyətin az qala acı bağırsağına çevrilmiş, şübhəli “kəşfləriylə” alim kimi elm aləminə “soxulan” Həbib Zərbəliyev özünün feysbuk səhifələrində ( Bir neçə səhifəsi var-F.Ə.) Azərbaycan Dillər Universitetinin rektoru, Akademik Kamal Abdulla, həmçinin Prezident Administrasiyasının şöbə müdiri Fərəh xanım Əliyeva haqqında uydurma cəfəngləriylə həm ADU kollektivinə, həm də ölkənin siyasi elitasına qarşı böhtanlar yağdırmaqda davam edir. Bir sıra cavab yazılarımda onun xəstə təxəyyülünün “məhsullarına” cavab verilsə də, elmdən başqa hər şeylə məşğul olan Həbibin fəaliyyəti, niyyəti barədə ADU-nun 150 nəfər kollektiv üzvlərinin müraciətini də olduğu kimi dərc etməklə bir daha H.Zərbəliyevin simasını ictimaiyyətə təqdim edirik.
MÜBARİZƏ BU GÜN DƏ VAR, YARIN DA…
(Azərbaycan Dillər Universitetinin əməkdaşlarının müraciəti)
Vaxtilə Amerikanın Baş Kəşfiyyat İdarəsinin rəisi Alem Dalles SSRİ-ni yıxmaq planı hazırlayırdı. Bu planda hər respublika ilə bağlı konkret ideoloji təxribat sxemi vardı. Qısaca desək, cənab Dallesin öz həmkarlarına müraciəti belə idi: “Bu respublikalara (o cümlədən Azərbaycana) gedin. Çoxlu pul xərcləyin. Orada dövlət idarələrində çalışan namuslu, vicdanlı adamlara şər atın, onlara böhtan və yalan yağdırın. Elə edin ki, bu adamlar vicdanlı olmalarına görə utansınlar”.
Bu, əslində ölkə daxilində xaotik mənzərənin yaradılmasına, ölkə ilə mübarizəyə bir çağırış idi. Xaotik mənzərənin yaradılması və sonra onun idarə edilməsi isə Azərbaycanın bədxahlarına ilkin dağıdıcı addım kimi zəruri idi. Bu məntiq zəncirini davam etdirsək, belə bir çağırışı həm də mənəvi terrorun bir təzahürü kimi qəbul etmək olar.
Kimsə təəccüb edə bilər. Yəni, belə bir mübarizə üsulu bu gündə qüvvədədirmi?! Bəli, qüvvədədir. Həm də müasir dövrdə ən yüksək siyasi zirvələrdə öz sözü, fikri, dəst-xətti olan, müstəqil siyasət yürüdən liderlərə yetməyəndə, əslində isə, az qala addımbaşı təxribatçı qüvvələrlə rastlaşırıq, onların ən müxtəlif formalarda üzə çıxmasının şahidi oluruq.
Deməli, biz bu gün də Dallesin vəsiyyətini həyata keçirmək uğrunda mübarizə edən təxribatçı qüvvələrlə qarşı qarşıyayıq?! Bəli, bu belədir. Bu gün də Azərbaycana şər, böhtan, yalanla silahlanıb öz işini vicdanla görməyə çalışanların üstünə ayaq açan, “yalan elə bağırdı ki, döğrunun bağrı yarıldı” kimi atalar sözünü yaddan çıxmağa qoymayan adamlar var. Onlar ətrafda baş verənləri görməməyə çalışır, ölkənin ümumi intellektual mənzərəsini qaralamağa cəhd edir, nəticədə, bədxahlarımızın, düşmənlərimizin dəyirmanına su tökmüş olurlar. Bunu bilərəkdənmi edirlərlər, bilmədənmi edirlər-bu, bir başqa məsələdir. Amma bu işin ideoloji kökü faşist Almaniyasına qədər gedib çıxır. Hitlerin məşhur silahdaşı, 3-cü reyxin ideoloji lideri doktor Göbbels deyirdi: “Yalanı nə qədər böyük desəniz, bir o qədər inandırıcı olar”.
Bu ideoloji kökün qəribə psixoloji əsası da yox deyil. Müəyyən zümrə üçün, xüsusilə də, intellektual səviyyəsi aşağı olanlar üçün böyük yalan, nəhəng böhtan hansı məqamdasa inandırıcı görünə bilər. “Nə üçün belə olur?” sualının tibbi-psixoloji cavabını mütəxəssislərə buraxaq. Biz isə “nə üçün belə olur?” sualına etik-ictimai səviyyədən yanaşmağa çalışaq. Belə yanaşmanı konkret bir nümunənin üzərində qurmaq istərdik.
Azərbaycan sosial müstəvisində bir deyim öz həqiqilik mayasını get-gedə gücləndirməkdədir. Bu deyimin həyatdan gələn əsası var. O belə səslənir:-“Ən böyük pisliyi ən çox yaxşılıq etdiyin adamdan görərsən”.
Adama təsir etməzmi?! Əlbəttə, edər. Nə qədər desələr ki, fikir vermə, boş ver, … karvan keçər və s. və i.a., nə qədər sən özünü özünü toparlamağa çalışsan da, mümkün deyil. Bu, məsələnin psixoloji tərəfi. Digər tərəfdən düşünürük ki, fikir verməmək, Nitsenin dediyi kimi, səhranın böyüməsinə gətirib çıxarar.
Səhranı isə heç vəchlə böyüməyə qoymaq olmaz. Ona görə də fikir vermək, münasibət bildirmək vacibdir. Düşünürük ki, bütün normal insanlar bu məqamda birləşməli, baxışları ortaya qoymalıdırlar. Qəbul edirik ki, hətta bu baxışlar müxtəlif də ola bilər. Belə olmazsa, yəni, fikirlər bildirilməsə cəmiyyətin onurğa sütununu saxlayan, əsrlərlə, cirə-cirə, zərrə-zərrə toplanan ictimai dəyərlər öz rəngini, mahiyyətini itirməyə başlar. Biz dünənimizlə bu günümüzü, bu günümüzlə sabahımızı əlaqələndirə bilmərik. O dəyərləri ki, millətimiz zaman-zaman qazanmışdır, onların gələcəyə gedən yolunu qapatmış olarıq.
Məmməd Arazın: “Səndən ötdü mənə dəydi, məndən ötdü sənə dəydi, məndən, səndən ötən zərbə Vətən sənə dəydi…” kimi misraları bu gün də yaşayır və sənə, ona yağdırılan yalan, böhtan, şər güllələri, əslində bizdən əvvəl Vətənə yönəlmişdir. Biz belə düşünməliyik.
Bu gün Azərbaycan Dillər Universitetinə, onun rəhbərliyinə və kollektivinə böhtan atan, təhqir edən Həbib Zərbəliyev adlı birisi məhz bu bədxahlığına görə professor vəzifəsinə seçkidə fakültə Şurası tərəfindən səs toplaya bilmədi. O, vaxtilə işlədiyi Dilçilik İnstitutundan da uzaqlaşdırılmışdı. İqtisadiyyat Universitetində də seçki zamanı “necə deyərlər, yeşikdə qalmışdı.” Daha sonralar işlədiyi Təhsil Nazirliyində isə məsələ belə olmuşdu. Bu nazirliyin ünvanına öz metoduna uyğun olaraq böhtan və şər dolu şantaj mahiyyətli yazdığı üçün.., bax burada təəccüblənə bilərsiniz, onu çağırıb Nazirlikdə işlə təmin etmişlər. Bundan sonra Nazirlikdə hər şey sanki qaydasına düşmüşdu- daha bu adam bir yazı ilə belə çıxış etməmişdi. Şantajçı öz payını almışdı. Amma qısa vaxt ərzində onu tanıyıb işindəki hansısa nöqsanlara görə (əslində, bəlli nöqsanlara görə) bu adamı Nazirlikdən də uzaqlaşdırmışdılar. Başqa sözlə, Nazirlikdən gələn sədaya görə, bu adam oradan qovulmuşdu. Lazım gəlsə, bu da başqa bir söhbətin mövzusu ola bilər. Hər şey yaddaşlarda və sənədlərdə yazılıb qalır.
Sonra onun bu şantaj metodu daha başqa bir ciddi təşkilatla bağlı “işlədi”. Bu adam bir müddət Ali Attestasiya Komitəsi (AAK) haqda “sarsıdıcı” silsilə yazılarla çıxış etməyə başladı. AAK-ı lazımsız, zərərli qurum kimi bu yazılarda, guya ki, “ifşa” etdi. Və günlərin bir günü bu adam öz arzusuna çatdı. Təngə gəlmiş AAK rəhbərliyi onunla görüşüb bu adamın başını sığalladı və onu AAK-dakı ictimai ekspert komissiyalarından birinə ekspert kimi işə cəlb etdi. Və… Yenə də AAK-da hər şey bir anın içində düzəldi. Amma yəqin ki, AAK-da bu məsələ hələ bitmiş sayıla bilməz. Nazirlikdəki final, yəqin ki, burada da özünü göstərəcək. Bu adam tərəfindən edilən məcburi redaktəlikdən, naşı təhlillərdən, yalançı plagiat şantajından bezara gəlmişlərin sayı get-gedə artmaqdadır.
Düşünmək olar ki, bu “qəhrəman” yediyi qaba tüpürməyən adamdır. İşlədiyi yer barədə pis yazmaq onun “cəngavərlik” kodeksinə daxil deyil. Amma çifayda, belə deyilmiş. İndi də onun od püskürən lavası bir qədər bundan əvvəl çalışdığı Dillər Universitetinə tərəf yönəldi. Sən demə o, Nazirlik tərəfindən prorektor vəzifəsinə təyin edilməməsinin səbəbkarı kimi … universitetin rektoru Kamal Abdullanı görürmüş. Universitet əhlini nişana alan bu “cəfakeş” alimi-biəməl kimini ləyaqətsiz, kimini yaltaq, kimini də savadsız adlandıra-adlandıra dünən yazdığını iki gün saxlayıb əsl şantajçıya xas üsulla poza-poza Universitetdən intiqam almağa başladı. Ən gülməli və əslində, ağlamalı o idi ki, Kamal Abdullanın məşğul olduğu “Kitabi-dədə Qorqud”u belə lağa qoymağı unutmadı.
Təhsil tariximizdə ilk dəfə olaraq QS Beynəlxalq reytinlər cədvəlində 1600 universitet arasında 300-cü yeri tutmağımızla Universitetimizi xarici ölkə alimləri, Vətənimizdəki elm və təhsil nümayəndələri, tanınmış ekspertlər təbrik edirkən, bu adam belə bir hadisəni də məzkərə və lağ mövzusuna çevirdi, ləyaqətsiz şəkildə bunu istehza ilə öz feysbuk səhifəsində qələmə aldı. Yazdı və yenə də iki gündən sonra pozdu.
Təbii ki, bütün bunlar, belə bir şərəfsiz münasibət cavabsız qalmayacaqdı. Növbəti seçkilərdə(bu seçkilər zamanı 5 ildən bir hər əməkdaş öz işlədiyi vakant yerə namizədliyini verir və səs alırsa işini davam edir) bu “qəhrəman” Universitetin filologiya fakültəsinin Elmi Şurasının gizli səsverməsindən keçə bilmədi.
Universitetin professor-müəllim heyəti onun Universitetdə çalışmasına etiraz etdi. 17 şura üzvündən 15 nəfər onun adının üstündən “olmaz!” deyib xətt çəkdi, cəmi iki nəfər ona səs verdi. Beləliklə, çevrə qapandı. Bu adam artıq Universitetin əməkdaşı deyil, deyə bilərik. Ona səs verməyənlər və Universitetdə çalışmasına “Yox!” deyənlər Azərbaycanın peşəkar filoloq mütəxəssislərindən, Akademiya üzvündən, professorlardan, dosentlərdən ibarət ləyaqətli adamlar idi. Bu insanlar, əslində Universitetin şərəf və ləyaqətini azğınlaşmış, tərbiyəsiz bir təxribatçıdan qorumuş oldular.
Bununla məsələ bitdimi? Bununla məsələ bitmədi. Yenə şantajlar başladı. Telefonla zəng edib “sən mənə səs verməmisən, görərsən…”, kafedra iclasına icazəsiz girib “bu qərar(səsvermə nəticələri) bu gün ləğv edilməlidir, yoxsa…” kimi hədə və şantajlar bu gün də davam edir. Kimə arxalanır bu təxribatçı?! Onun aşkar görünən və sanki gizlində qalmağın düşünən havadarları, tərəfdarları kimlərdir?! Bu barədə də yeri və zamanı gəldikcə açıqlamalar veriləcək.
Öz hərəkət və davranışını ciddi təhlil etmək və düşdüyü ucuz, iyrənc yoldan ayrılıb əməllərindən (onlar isə o qədər çox və elə biabırçılıqlarla doludur ki…) əl çəkmək əvəzinə bu adam bu gün də müxtəlif istansiyalara məktublar yazır, onu öyrədənlərin və yəqin ki, muzd verənlərin “etibarını” itirmək istəmir. Anlamır ki, hər bəndi(!!!) yalan və şərdən ibarət olan onun bu məktubları və müraciətləri, əslində, göndərdiyi ünvanlara, sayt oxucularına ən azından hörmətsizliyidir.
Yazılanlara bir çox məqamları əlavə etmək, onları dəqiq, təkzibolunmaz faktlarla doldurmaq, beləliklə bu zavallı şantajçının portretini daha dolğun etmək, əlbəttə, asan məsələdir. Yəqin ki, “qəhrəmanımızın” havadarları- xaos sevgililəri, daha doğrusu, Dallesin vəsiyyətini həyata keçirməyi “yatıb yuxusunda görənlər” yenə də tapılacaq. Olsun, Rəsul Rza yazırdı: “Mübarizə bu gün də var, yarın da. Mən də (biz də) onun ən ön sıralarında!”.
Azərbaycan Dillər Universitetinin əməkdalarından:
Bayramov Qilincxan,
Cavad Yusifov, Şaban Şabanov,
Ələddin Əliyev,
Əmralı Şirəliyev,
Qorxmaz Mustafayev,
Misgər Məmmədov
və başqaları. 150-dən artıq kollektiv nümayəndəsi.
Əslində bu müraciəti oxuyan hər kəs Həbib Zərbəliyev haqqında dolğun məlumat alaraq onun nədən əziyyət çəkdiyini anlaya bilər. FB səhifəsində ADU-nu rektoru və ümumilikdə isə təhsil ocağının nüfuzuna xələl gətirməyə can atması onun hansı əməl sahibi olmasından xəbər verir. Şantajla istıyini əldə etmək yolu seçən Həbib Zərbəliyev şübhəsiz ki, bu yazılardan əl çəkməyəcək, şantajlarına davam edəcək. Onun xisləti və düşdüyü dairə bu əməlindən əl çəkməsinə imkan vermir. Ancaq biz də onu ifşa etməkdən çəkinməyəcək, elm aləminə, xalqa kimliyini bəlli etməklə onu xəcalət kəfəninə bürüməkdə davam edəcəyik!
Füzuli Əfqanoğlu