Sabunçuda 15 nəfər etil spirtindən zəhərlənərək ölüb, cinayət işi başlanılıb – Baş Prokurorluq

Sabunçuda 15 nəfər etil spirtindən zəhərlənərək ölüb, cinayət işi başlanılıb – Baş Prokurorluq

24.02.2025 Off By Füzuli İsmayılov

22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bu barədə Hakimiyyet.info.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həyata keçirilmiş ilkin tədbirlərlə həmin şəxslərin qəbul etdikləri etil (texniki) spirtindən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edilib:

“Prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibb eksperti və kriminalistin iştirakı ilə hadisə yerlərinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən daxilə qəbul edilməsi qadağan olunan tərkibində 75 və 95 % spirtə malik gigiyenik vasitənin boş şüşələri, qida qalıqları və s. götürülüb, müvafiq ekspertizalar təyin olunmaqla, digər zəruri istintaq hərəkətləri icra edilib.

Hazırda ibtidai istintaq davam etdirilir”, – məlumatda qeyd edilib.

Share