
Moskvada kəlağayının azərbaycanlıların mədəniyyətində yerinə həsr olunmuş dəyirmi masa keçirilib
28.02.2025Rusiya Elmlər Akademiyasının (REA) Etnologiya və Antropologiya İnstitutunda “Dalğalanan ipək: Kəlağayı azərbaycanlıların ənənəvi mədəniyyətində” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir İnstitutun Qafqaz şöbəsi və Etnologiya və Antropologiya Tarixi qrupu, Moskva Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.
Dəyirmi masanın moderatoru tarix elmləri doktoru, REA Etnologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi Məryəm Kərimova olub.
İnstitutun direktoru, tarix elmləri doktoru, Rusiya Elmlər Akademiyasının professoru Aleksey Zaqrebin və Moskva Azərbaycanlıları Milli Muxtariyyəti Şurasının sədr müavini Həşim Əliyev tədbir iştirakçılarını salamlayıblar.
Rəna İbrahimbəyova (Bakı Dövlət Universiteti), Ülviyyə Niftəliyeva (Milli Azərbaycan Tarixi Muzeyi), Fatimə Hacalova (Rusiya Elmlər Akademiyasının Dağıstan Federal Tədqiqat Mərkəzi), Leyla İsmayılova (Moskva Dövlət Linqvistika Universiteti) və Giləsə Əliyeva (REA Etnologiya və Antropologiya İnstitutu) kəlağayının xalqımızın mədəni irsindəki yeri və əhəmiyyəti haqqında məruzələrlə çıxış ediblər.
Müzakirələrdə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun antropologiya şöbəsinin müdiri Əliağa Məmmədli, Rusiya Elmlər Akademiyasının İqtisadiyyat və Arxeologiya İnstitutunun Qafqaz şöbəsinin müdiri, tarix elmləri doktoru Yuri Ançabadze və Şərq Dövlət Muzeyinin əməkdaşı Yekaterina Yermakova iştirak ediblər.
Proqramda təkcə elmi məruzələr deyil, həm də ənənəvi kəlağayıların nümayişi, Afaq Şıxlının şeirlərinin oxunması, kəlağayılar haqqında mahnıların ifası və Leyla Fərəcova, Afaq Şıxlı, Ülviyyə Əzizova, İradə Məmmədova və Gülnur Alışovanın təşkilatçılığı ilə ipək yaylıqlı moda nümayişi olub.
Tədbir çay və ənənəvi Azərbaycan şirniyyatları süfrəsi arxasında müzakirələrlə başa çatıb.

