Çin yuanı 17 ilin minimumunu yeniləyib
10.04.2025ABŞ ilə Çin arasında davam edən ticarət müharibəsi fonunda yuanın məzənnəsi son 17 ilin ən aşağı səviyyəsinə enib.
AZƏRTAC xəbər verir ki, birjalarda 1 ABŞ dollarının məzənnəsi 7,351 yuan olub. Bu, 2007-ci ilin dekabrından bəri ən aşağı məzənnədir.
Ekspertlər hesab edir ki, yuanın dollar qarşısında zəifləməsi Pekinin ABŞ-ın idxal rüsumları ilə mübarizəsinin işarələrindən biridir.
Qeyd edək ki, Donald Tramp yanvarda ABŞ Prezidenti vəzifəsinin icrasına başlayandan sonra Çin mallarına tətbiq olunan idxal rüsumlarını 5 mərhələdə 125 faizə qaldırıb. Rəsmi Pekin ticarət və tarif müharibəsindən geri çəkilməyəcəyini açıqlasa da, Vaşinqtonun rüsumları 125 faizə qədər artırmaq barədə aprelin 9-dakı qərarına qarşı addımlarını elan etməyib. Birləşmiş Ştatlar ölkə səviyyəsində Çinin ən iri ixrac bazarı, 2-ci ən iri idxal mənbəyidir. Ötən il Çinin ABŞ-a ixracı 462 milyard, ABŞ-dan idxalı isə 143 milyard dollar olub. ABŞ Çinin ümumi ixracının 14,7 faizini, idxalının isə 6,3 faizini təmin edir.











