Papa Fransisk ölümündən əvvəl məhbuslar üçün ipotekanı ödəyib
27.04.2025Aprelin 26-da dəfn olunan Roma Papası Fransisk, ölümündən əvvəl Romadakı yetkinlik yaşına çatmayanlar üçün həbsxanada fəaliyyət göstərən makaron fabrikinin ipoteka borcunu ödəmək üçün təxminən 200 min avro məbləğində vəsait ayırıb.
Bu barədə Britaniyanın “The Economist” jurnalı məlumat yayıb.
Nəşrin yazdığına görə, bu vəsait demək olar ki, Fransiskin şəxsi hesabında olan pullardan ibarət olub. Onun son göstərişlərindən birində vurğulanırdı ki, “kilsə cəmiyyətin kənarında olanlara yaxın olmalıdır”.
Papa Fransisk həmişə məhbuslara qarşı xüsusi həssaslıq nümayiş etdirib və səhv edənlərə mərhəmət göstərməyə çağırıb. O, tez-tez doğulduğu Argentina həbsxanalarına baş çəkir, Buenos-Ayres arxiyepiskopu olduğu dövrdə isə Pasxa ərəfəsində Penitensiar müəssisələrdə ayaq yuma mərasimini həyata keçirirdi.
Pontifik seçildikdən sonra da bu ənənəyə sadiq qalan Papa Fransisk, ölümündən bir neçə gün əvvəl, Müqəddəs Cümə axşamında Romadakı bir həbsxanaya səfər etmişdi.











