
Masallıda “Toyota” aşıb, azyaşlı bacı-qardaş və qohumları ölüb
09.05.2025“Ələt-Astara avtomobil yolunun 122-ci kilometrliyində, Masallı rayonunun Ləngan kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib”. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib.
Qeyd edilib ki, ilkin məlumata əsasən, “Toyota Prado” markalı, 10-RV-404 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – 1982-ci il təvəllüdlü Teymurov İxtiyar Əliyar oğlunun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.
Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Avtomobildə olan sərnişinlər – sürücünün övladları, 2023-cü il təvəllüdlü Teymurov Əli və 2016-cı il təvəllüdlü Teymurova Banu, qohumu, 2002-ci il təvəllüdlü Alışov Aydın Təhmasib oğlu hadisə yerində həyatlarını itiriblər.
Masallıda qəzada xəsarət alanların vəziyyəti ağır qiymətləndirilir.
Bu barədə TƏBİB-dən APA-nın cənub bürosuna verilən məlumatda bildirilib.
Qeyd olunub ki, bu gün saat 13:30 radələrinədə Ələt-Astara magistral yolunun Masallı rayonundan keçən hissəində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Masallı Rayon Mərkəzi Xəstəxanasına 1-i kişi, 2-i qadın cinsli olmaqla 3 nəfər hospitalizasiya olunub.
Yaralılara ilkin zəruri tibbi yardım göstərilib. Hazırda müalicələri xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri ağır qiymətləndirilir.
Masallıda baş verən qəzada xəsarət alanların kimliyi məlum olub.
APA-nın yerli bürosu xəbər verir ki, bunlar Masallı rayonunun Böyuk Xocavar kənd sakinləri, sürücü 1982-ci il təvəllüdlü İxtiyar Əliyar oğlu Teymurov, 1991-ci il təvəllüdlü Maral Tohid qızı Teymurova və 1957-ci il təvəllüdlü Gülbəyim Xəlil qızı Bayramovadır.
Hazırda yaralıların müalicəsi Masallı rayon xəstəxanasında davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.




