“Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

“Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

05.08.2025 Off By Füzuli İsmayılov

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı və 19-cu bəndlərini rəhbər tutaraq qərara alır:

“Polis haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 11, maddə 611 (Cild I); 2024, № 1, maddə 3) 39-cu maddəsinə aşağıdakı məzmunda III və IV hissələr əlavə edilsin:

“III. Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə aşağıdakı vəsaitlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesabına köçürülür:

1) polis orqanları tərəfindən istintaqı aparılan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi;

2) polis orqanları tərəfindən istintaqı aparılan cinayət işləri üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi.

IV. Bu maddənin III hissəsində nəzərdə tutulmuş vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 iyul 2025-ci il

Share