GÜLÜŞÜN MEMARI, EKRANININ SEHİRKARI

GÜLÜŞÜN MEMARI, EKRANININ SEHİRKARI

27.08.2025 Off By Füzuli İsmayılov

Azərbaycan mədəniyyətinin yaddaşında elə simalar var ki, onların sənət fəaliyyəti yalnız səhnə ilə, yalnız ekranla məhdudlaşmır. Onlar bütöv bir dövrün nəfəsini, insanlara baxışını, cəmiyyətin ritmini ifadə edirlər. Hər çıxışları bir sənət dərsi, hər layihələri bir hadisəyə çevrilir. Murad Dadaşov da məhz belə sənətkarlardandır – gülüşü düşüncəyə, zarafatı hikmətə çevirən, tamaşaçı ilə arasına görünməz bir sevgi körpüsü salan sənətkar.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, “Rəsul Rza mükafatı” laureatı

1990-cı illərin sonu… Azərbaycan səhnəsinin işıqları altında gənc və coşqulu bir qrup tamaşaçı qarşısına çıxırdı – “Bakılı oğlanlar”. Hər üzvü öz enerjisi, öz üslubu ilə sevilirdi: Anar Məmmədxanlı (Allah rəhmət eləsin), Bəhram Bağırzadə, Tahir və Cabir İmanov qardaşları, Vado Korovin və əlbəttə, Murad Dadaşov.
Məhz bu illərdə Muradın səhnədəki fərqli üslubu üzə çıxdı. O, gülüşü yalnız əyləncə vasitəsi kimi yox, həm də həyat dərsi kimi təqdim edirdi. Bu yanaşma isə sonrakı illərdə onun bütün fəaliyyətinə damğa vuracaqdı.
Muradın sənət yolunda dönüş nöqtələrindən biri Heydər Əliyevi parodiya etməsi oldu. Bu çıxışlar sadəcə yumor deyildi – orada həm dərin zarafat, həm də böyük ehtiram gizlənirdi.
Maraqlıdır ki, həmin anları ulu öndərin özü də səmimi gülüşlə qarşılayır, alqışlayırdı. Bu, Murad Dadaşovun istedadına verilən ən yüksək qiymət idi. Elə buradan da aydın görünürdü: Murad artıq sadəcə “Bakılı oğlanlar”ın üzvü deyil, Azərbaycan səhnəsinin parlaq simalarından biridir.
Parodiyalarla qazandığı böyük tamaşaçı sevgisi Murad Dadaşovu daha geniş ekrana çıxardı. Televiziya onun istedadını daha çox insanla bölüşmək imkanı verdi. Beləcə, 2000-ci illərdə “Maşın” şousu meydana çıxdı. Bu veriliş sadəcə oyun deyildi. Burada insan xarakterləri, dostluqlar və intriqalar, mübarizə və qələbələr teatr kimi nümayiş olunurdu. Murad isə həm müəllif, həm də aparıcı olaraq oyunun hər detalını incəliklə idarə edir, tamaşaçıya həm gərginlik, həm də böyük əyləncə bəxş edirdi..
Televiziya onun həyatında yalnız aparıcılıqla məhdudlaşmadı. Müxtəlif müsabiqələrdə münsif kimi iştirak edən Murad gənc istedadların yoluna işıq tutdu. Burada da o, balansı qorumağı bacarırdı: bir tərəfdən tələbkar münsif, digər tərəfdən yolgöstərən, ilhamverici bir müəllim. Bu isə onun sənətkarlığının daha bir sübutu idi.
“Maşın”la Azərbaycanda böyük sevgi qazanan Murad Dadaşov, eyni zamanda, ölkədən kənarda da tanındı. O, Rusiyanın məşhur “Поле чудес” verilişində çıxış edərək, həm milli koloritimizi, həm də özünəməxsus yumorunu geniş tamaşaçı auditoriyasına təqdim etdi. Bu çıxış onun gülüşünün yalnız Azərbaycanla məhdudlaşmadığını, sərhədləri aşaraq başqa xalqlara da çatdığını göstərdi
2020-ci ildə Murad Dadaşovun yaradıcılıq yolunda yeni bir mərhələ başladı. O, Xəzər Televiziyasının baş direktoru təyin olundu. Səhnədə və ekranda qazandığı təcrübə indi televiziya rəhbərliyi sahəsində öz sözünü deməyə imkan verdi.
Onun rəhbərliyi ilə kanal daha dinamik, daha tamaşaçıya yaxın oldu. Yeni formatlar, daha cəlbedici layihələr ekran məkanına canlılıq gətirdi. Beləliklə, Murad Dadaşovun adı həm də televiziya islahatçısı kimi tarixə düşdü.
Bütün bu illər ərzində Murad Dadaşov həm sənətkar, həm aparıcı, həm prodüser, həm də insan kimi öz imzasını qorudu.
Onun yaratdığı obrazlar, qurduğu layihələr, tamaşaçı ilə qurduğu səmimi ünsiyyət Azərbaycan mədəniyyətində silinməz izlər buraxıb.
Murad Dadaşov – gülüşün memarı, sözün ustası, səhnənin sehrkarıdır. O, hər çıxışı ilə bir daha sübut edir ki, sənətin həqiqi gücü tamaşaçı ilə qurulan səmimi bağdadır.

Share