Regionçuluğun kölgəsində və yaxud Musa Nəbioğlunun aşıq sənətinə xəyanəti
04.09.2025
Bu yazını qələmə almağa məni Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlunun “QAFQAZ Türk” kanalında səsləndirdiyi əsassız və uydurma müsahibəsi vadar etdi. Onun çıxışı həm səriştəsiz yanaşmanın, həm də açıq-aşkar regionçuluq təfəkkürünün bariz nümunəsi kimi yadda qaldı. Ən diqqətçəkən məqam isə Musa Nəbioğlunun tanınmış jurnalist, “Borçalı Cəmiyyəti” İctimai Birliyinin İdarə Heyətinin üzvü Şərafəddin İlkinə ünvanladığı sözlər oldu: “Sən Borçalıdan deyilsən, qoy Borçalılar cavab versin.”
Bu yanaşma yalnız bir insanı təcrid etmək deyil, bütövlükdə Azərbaycanın müxtəlif bölgələrindən olan ziyalıları kənara itələmək niyyətini ortaya qoyur. Bu isə artıq fərdi fikir yox, milli birliyə yönəlmiş təhlükəli bir düşüncədir.
Əslində, “Borçalı Cəmiyyəti”nin missiyası təkcə Borçalı kökənli soydaşlarımızı deyil, Azərbaycanın bütün bölgələrindən olan vətənpərvərləri bir amal ətrafında toplamaqdır. Cəmiyyətin İdarə Heyətində ölkənin müxtəlif guşələrindən gələn ziyalıların təmsil olunması bunun bariz göstəricisidir.
Sədr Ramiz Həsənovun rəhbərliyi ilə bu birlik:
şəhid ailələrinə və qazilərə mənəvi dayaq olub, gənclərin təhsil və sosial problemlərinə sahib çıxıb,
Azərbaycan və Gürcüstanın tanınmış ziyalılarını bir araya gətirən mötəbər tədbirlərə imza atıb, ən əsası isə, dünya şöhrətli diplomat-alim Həsən Həsənovun yüksək dəyərləndirdiyi “Ensiklopedik Bilgilər” iki cildliyini ərsəyə gətirib.
Bu əsər sadəcə Borçalı üçün deyil, bütöv Azərbaycan üçün tarixi yaddaş kitabı və elmi mənbə rolunu oynayır. Belə bir işin ərsəyə gəlməsi isə Ramiz Həsənovun yorulmaz fəaliyyətinin və Cəmiyyətin əsl vətənpərvərlik missiyasının sübutudur.
Belə bir zəngin fəaliyyətin qarşısında Musa Nəbioğlunun qarayaxmaları, faktlardan qaçaraq ucuz dedi-qoduya sığınması yalnız qərəz və dar düşüncənin nəticəsidir. Görünən odur ki, o, milli birlik ideyasına kölgə salmaq üçün regionçuluğu silah kimi istifadə etməyə çalışır.
Əgər bir insanın dünyagörüşü regionçuluqdan o yana keçmirsə, onun Azərbaycan Aşıqlar Birliyi kimi ümummilli bir qurumda rəhbər vəzifə tutması nəinki doğru deyil, hətta təhlükəlidir. Çünki regionçuluq – milli birliyi zəiflədir, dövlətçiliyin sütunlarını sarsıdır.
Azərbaycanın hər guşəsindən ziyalıları birləşdirən birliklər varkən, Musa Nəbioğlu kimi nifrət və parçalanma üzərində qurulan yanaşmalar yalnız milli həmrəyliyə zərər vurur.
Azərbaycan Aşıqlar Birliyinin rəhbərliyi Musa Nəbioğlunun fəaliyyəti barədə dərhal ölçü götürməlidir.
İlyas Naxçıvanlı,
AJB-nin üzvü,
“Uğurlu yol” qəzetinin təsisçisi və baş məsləhətçisi,
“Borçalı Cəmiyyəti” İctimai Birliyinin idarə heyətinin üzvü











