Azərbaycan həmkarlar ittifaqları konfederasiyası: XİDMƏT YOX, BƏHANƏ ÇOX!
14.09.2025Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) illərdir özünü üzvlərinin hüquqlarını qoruyan və sosial təminatını dəstəkləyən təşkilat kimi təqdim edir. Amma reallıq tamam başqadır: AHİK artıq müdafiəçi yox, özü bir bürokratik divara çevrilib. Yarıtmaz fəaliyyəti ilə yalnız üzvlərin səbrini sınağa çəkib, onların etimadını itirib.
Son vaxtlar rəhbərlik “şəffaf xidmət” adı altında onlayn sistem tətbiq etdiyini elan edib. Amma nə xidmət var, nə də şəffaflıq. Gənclər müraciət zamanı çətinlik çəkir, yaşlı üzvlər isə ümumiyyətlə istifadə edə bilmir. Cavab üçün günlərlə gözləyən insanlar isə sonda səbəbsiz “imtina olundu” məktubu alır. Bu, şəffaflıq deyil, məsuliyyətdən yayınmağın yeni texnoloji formasıdır.
Əvvəllər heç olmasa bir əməkdaş müraciət edənləri dinləyirdi. İndi isə üzvlər yalnız soyuq ekranla üz-üzə qalır. Qurumun ofisinə üz tutanlara isə qapıda “rəhbərlik iclasdadır” bəhanəsi deyilir. Axı hansı normal təşkilat gündüz, iş saatının ortasında iclas keçirir? AHİK-də isə bu iclaslar üzvlərdən qaçmaq üçün qalxana çevrilib.
Ən acı tərəfi isə budur: AHİK-in bütün rahatlığı üzvlərin cibindən çıxan vəsait hesabına təmin olunur. Maaşlar, xidməti avtomobillər, kabinetlər – hamısı üzvlərin pulları ilə maliyyələşir. Amma üzvlərin dərdini dinləməyə gələndə heç kim ortada olmur.
Ən kəskin sual budur: əgər AHİK seçkili qurumdursa, bəs rəhbərlik haradan gəlib? Qurultay keçirilməyib, sədr və idarə heyəti üzvlərin iradəsi ilə yox, qapalı kabinetlərdə təyin olunub. Bu halda AHİK-in rəhbərliyi nə hüquqi, nə də mənəvi legitimliyə sahibdir.
AHİK üzvlərin pullarını necə xərclədiyi barədə illik maliyyə hesabatı təqdim etmir. Halbuki demokratik təşkilatlarda bu, adi qaydadır: üzvlər toplanan vəsaitin hara xərcləndiyini bilməlidir. Ona görə də üzvlərin haqlı tələbi budur: hesabat verin! Pulumuzu hara xərcləmisiniz?
Burada məsuliyyət təkcə AHİK-in üzərinə düşmür. Nəzarət funksiyası daşıyan dövlət qurumları təcili olaraq bu vəziyyətə müdaxilə etməlidir. Əks halda, həm üzvlərin hüquqları pozulur, həm də ictimai etimad dövlət institutlarına yönəlmiş suallarla sarsılır.
Üzvlərin kütləvi şəkildə təşkilatı tərk etməsi təsadüfi deyil. Əgər bu qurum ayaqda qalmaq istəyirsə, dərhal qurultay keçirməli, rəhbərliyi üzvlərin iradəsi ilə formalaşdırmalı, maliyyə hesabatlarını açıq şəkildə təqdim etməlidir. Əks halda, AHİK-in adı yalnız məsuliyyətsizlik və etimadsızlığın sinonimi kimi qalacaq.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, “Rəsul Rza mükafatı” laureatı











