“Borçalı: Ensiklopedik bilgilər”ə qarşı qərəzli iradlara qərəzsiz cavab
22.09.2025Hörmətli Musa Çobanov!
Siz soruşursunuz ki, necə oldu ki, mən “Borçalı Cəmiyyəti” İctimai Birliyinin sədri oldum. Bu qərar dövlətçiliyimizin müdafiəsinin lazımi səviyyədə olmadığı bir vaxtda, dövlətçilik mövqeyini müdafiə edən bir cəmiyyətin fəaliyyətini təmin etmək məqsədilə verildi. Ədliyyə Nazirliyinin cəmiyyəti qeydiyyata almamasının səbəbi orada müxalifətçilərin fəaliyyət göstərməsi idi.
“Borçalı Cəmiyyəti” İctimai Birliyinin idarə heyətindəki digər bölgələrin təmsilçiləri Borçalıya sevginizi düzgün anlamayaraq sizi tənqid etmişlər. Halbuki onlar Borçalıya eyni dərəcədə bağlıdırlar. Siz tez-tez işlətdiyiniz “Borçalı kişisi” ifadəsi regionçuluqdan uzaq olmalıdır.
Maraqlıdır ki, Borçalılar adından çıxış etmək səlahiyyətini sizə kim verib? “Borçalı: Ensiklopedik Bilgilər” kitabına qarşı qərəzli münasibətiniz niyə yaranıb? Sonralar həmmüəllif olduğunuz “Ulu Borçalı” və “Borçalı” kitabları, 1998-ci il tarixli “Gürcüstan” qəzetində qeyd olunduğu kimi, Borçalının ululuğunu tam əks etdirməyən əsərlərdir. Siz isə onların qüsurlarına göz yummusunuz, lakin ensiklopedik əsərə qarşı əsassız tənqidlər irəli sürmüsünüz.
Kitabın hazırlanması zamanı dəfələrlə alimlərə müraciət etmişik, lakin onlar iştirak etməyiblər. Bu səbəbdən mövcud materiallardan istifadə olunaraq sistemli və ensiklopedik tutumlu bir əsər ortaya qoyulmuşdur. “Borçalı: Ensiklopedik Bilgilər” kitabı, Borçalı haqqında tarixi, coğrafiyası, mədəniyyəti və görkəmli şəxsiyyətləri barədə ensiklopedik bilik təqdim edən ilk sistemli nəşrdir. Kitabın tərtibi və redaktəsi uzun müddət davam etmiş, mütəxəssislərin rəyləri nəzərə alınmışdır. Sizin iddia etdiyiniz kimi 5-6 aya deyil, əslində 2-3 ilə yaxın bir zaman kəsiyində ərsəyə gəlmişdir.
Kitabın məqsədi Borçalı türklərini və Borçalıya aid bütün məlumatları vahid bir ideya ətrafında birləşdirməkdir. Nəşr prosesində baş verən gecikmələr və redaktə mərhələləri sizin qərəzli iradlarınızla əlaqəli deyil. Kitabın məzmunu zəngin, müxtəlif dövrlərə və dillərə aid mənbələrdən istifadə olunmaqla hazırlanmışdır.
Sizin “ensiklopedik tutumdan uzaq” kimi dəyərləndirdiyiniz əsərlərinizin isə həm məzmun, həm də elmi dəyər baxımından yetərli olmadığı qənaətindəyik. “Borçalı: Ensiklopedik Bilgilər” kitabı kollektiv əməyin məhsuludur və konkret müəllifi yoxdur. Kitabın hazırlanmasında iştirak edən rəyçilərin tövsiyələri nəzərə alınmış, orfoqrafik səhvlər aradan qaldırılmışdır.
Sizə xatırlatmaq istəyirəm ki, sağlam irad bildirilməsi genişqəlblilik və xeyirxahlıq əlamətidir. Lakin sizin iradlarınız qərəz və böhtan xarakterlidir. Kitabın redaktəsi zamanı heç bir konstruktiv irad bildirməmisiniz, yalnız qərəzli münasibət sərgiləmisiniz.
Borçalıya və Borçalı türklərinə xidmət edən bir cəmiyyətin sədri olaraq, məqsədimiz Borçalı adını qorumaq və onu inkişaf etdirməkdir. Bu istiqamətdə həyata keçirilən işlərdə heç bir şəxsi məqsəd və ya xarici təsir yoxdur.
Nəticə olaraq, “Borçalı: Ensiklopedik Bilgilər” kitabı Borçalı tarixini, mədəniyyətini və görkəmli şəxsiyyətlərini əhatə edən sistemli və dəyərli bir nəşrdir. Sizin əsassız tənqidləriniz isə yalnız şəxsi qərəzlərinizdən qaynaqlanır.
Musa Çobanov!
Sizə bir ağsaqqal tövsiyəsi verirəm: yaxşı olar ki, biz bir-birimizi didib-parçalamayaq, borçalılar arasında ikitirəlilik salmayaq. Tarixdə yaxşı iz qoyub rəhmət qazananlardan olaq, lənət oxunanlardan yox!
Ramiz Həsənov,
“Borcalı Cəmiyyəti” İctimai Birliyinin sədri.











