Köç karvanı Xocalının Badara, Daşbulaq, Ağdərənin Vəngli və Kolatağ kəndlərinə çatıb

Köç karvanı Xocalının Badara, Daşbulaq, Ağdərənin Vəngli və Kolatağ kəndlərinə çatıb

22.12.2025 Off By Füzuli İsmayılov

Dekabrın 22-də Xocalının Badara, Daşbulaq, Ağdərənin Vəngli və Kolatağ kəndlərinə yola düşən növbəti köç karvanı ünvana çatıb.

Hakimiyyet.info.az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Dekabrın 22-də respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalı rayonunun Badara, Daşbulaq, Ağdərənin Kolatağ və Vəngli kəndlərinə yola salınıb.

Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına qurtaran qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu bildiriblər. Onlar vurğulayıblar ki, bu gün doğma yurdlarında başlanan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.

Daşbulaq kəndinə 4 ailə – 11 nəfər, Badara kəndinə 15 ailə – 66 nəfər, Vəngli kəndinə 6 ailə – 14 nəfər, Kolatağ kəndinə isə 7 ailə – 31 nəfər keçmiş məcburi köçkün qayıdıb. Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.

Füzuli Əfqanoğlu

“HAKİMİYYƏT” qəzeti

Share