Tonqal yalnız odun deyil, əsrlərin yaddaşını, xalqın inamını, ümidini və birliyini işıqlandırırdı
18.03.2026Bu gün – Lerik rayonu, Elşən Şahpələngov adına Murya kənd tam orta ümumtəhsil məktəbi sanki baharın özünə çevrilmişdi. Dağların qoynundan süzülən sərin meh, torpağın oyanışını xəbər verən ilıq nəfəs, təbiətin min bir rəngə boyanan çöhrəsi bu məktəbin həyətində bir bayram nəğməsi kimi canlanlanırdı.
Məktəbin həyətində alovlanan tonqal yalnız odun deyil, əsrlərin yaddaşını, xalqın inamını, ümidini və birliyini işıqlandırırdı. Hər alov dili sanki keçmişdən gələcəyə uzanan bir dua idi. Ürəklər saflaşmaq, yenilənmək, daha işıqlı sabahlara qovuşmaq arzusu ilə alışıb-yanırdı.




Tədbirin açılışında məktəbin direktoru Baləddin Qulamov öz çıxışında Novruzun yalnız təqvim bayramı olmadığını, onun xalqın ruhunun dirçəlişi, milli kimliyimizin təntənəsi olduğunu vurğuladı. O, bu müqəddəs günlərin insanları bir araya gətirən, ürəkləri isidən, küsülüləri barışdıran ilahi bir körpü olduğunu dərin hisslərlə ifadə etdi. Məktəbin biologiya müəllimi Aydın Manafov sözə başqa bir pəncərədən yanaşaraq, təbiətin möcüzəvi dövranından bəhs etdi. O, baharın gəlişi ilə torpaqda baş verən həyat proseslərini, toxumların cücərməsini, ağacların tumurcuqlamasını elmi, eyni zamanda poetik bir dillə izah edərək, Novruzun əslində həyatın özünün bayramı olduğunu vurğuladı. Onun sözlərində elm ilə poeziya qovuşur, təbiətin dili insan qəlbinə çevrilirdi.
Məktəbin psixoloq müəllimi Mais Əsədullayev çıxışında Novruzun insan mənəviyyatında yaratdığı təzələnmə hissindən danışdı. Qeyd etdi ki, bu bayram yalnız təbiətin deyil, eyni zamanda, insan qəlbinin də oyanışıdır — köhnə qayğılardan arınmaq, yeni ümidlərlə yaşamaq, daxili harmoniya tapmaq zamanıdır.
Sonra səhnə uşaqların saf dünyasına açıldı. Şagirdlərin ifasında səslənən şeirlər sanki torpağın dilə gəlmiş nəğməsi idi, hər misrada baharın nəfəsi, hər kəlmədə bir ümid çırpınırdı. Oxunan mahnılar dağlardan süzülən bulaqlar kimi axaraq könülləri coşdurmaqla, ruhlara sərinlik gətirdi. Onların gülüşündə günəşin şəfəqi, baxışlarında sabahın işığı vardı.
Kiçik ürəklər böyük arzularla döyünür, hər bir çıxış gələcəyə ünvanlanan saf bir dua kimi səslənirdi.
Bu bayram tədbiri yalnız bir məktəb tədbiri deyildi — bu, keçmişlə gələcəyin qovuşduğu, ənənə ilə yeniliyin əl-ələ verdiyi, insanla təbiətin eyni ritmdə döyündüyü bir mənəvi bir bayram idi.
Beləcə, Murya kənd məktəbində Novruz sadəcə qeyd olunmadı, hiss olundu, yaşandı, ürəklərə köçdü.
Baharın ilk çiçəyi kimi açıldı, yaddaşlara əbədi bir xatirə kimi həkk olundu.
MÜBARƏK OLSUN
Üzdə xoş təbəssüm, könüldə fərəh,
Sevinci ürəkdə daşır ürəyin.
Yurda qədəm basır bahar bayramı,
Duyuruq ətrini gülün, çiçəyin.
Gözəllər bəxtini sınamaq üçün,
Dururlar qapıda qulaq falına.
Ürəyə yatımlı söz eşidəndə,
Sevinc nur çiləyir xoş əhvalına.
Novruz ömürlərə gur işıq saçır,
Ruha həyat verən xoş havasıyla.
Evləri bəzəyir bayram xonçası,
Dadlı şəkərbura, paxlavasıyla.
İnsanı ram edən seyrəngah hanı?
Yurdumun al-əlvan göy çəməni tək.
Gözəl ömrümüzə nur ələsin yaz,
Arzumuz göyərsin qoy səməni tək.
Bu novruz gününün ləzzəti, dadı,
Bizim hamımızın yadında qalsın.
Həyatda nə qədər dərd-sərimiz var,
Alışan tonqalın odunda qalsın.
Dönsün laləzara Azərbaycanım,
Yurdum başdan-başa gül-çiçək olsun.
Hər evdən, ocaqdan toy səsi gəlsin,
Novruz bayramınız mübarək olsun!
Mais Təmkin
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı











