Peşə təhsilindən növbəti beynəlxalq uğur!

Peşə təhsilindən növbəti beynəlxalq uğur!

06.07.2026 Off By Füzuli İsmayılov

Azərbaycanın peşə təhsili sahəsində yetişən gənc mütəxəssisləri növbəti dəfə beynəlxalq arenada ölkəmizi uğurla təmsil edərək yüksək nəticəyə imza atıblar.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Elektronika ustası” ixtisası üzrə məzunu Əli Məmmədov və Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin “Dronların texniki xidməti və təmiri üzrə mütəxəssis” ixtisasında təhsil alan tələbəsi Rauf Mirzəyev 30 iyun–4 iyul 2026-cı il tarixlərində Çin Xalq Respublikasının Quançjou şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində keçirilən Bacarıqlar üzrə Yarışda “Pilotsuz uçuş aparatlarının yığılması, sazlanması və texniki xidməti” (UAV Assembly, Adjustment and Maintenance) kateqoriyası üzrə Azərbaycanı təmsil edərək III yerə layiq görülüblər.

34 üzv və müşahidəçi dövləti bir araya gətirən Bacarıqlar üzrə Yarışın əsas məqsədi bacarıqların inkişafı və texniki əməkdaşlığın təşviqi vasitəsilə AQEM-ə üzv və müşahidəçi dövlətlər arasında qarşılıqlı etimadın, əməkdaşlığın və insanlararası əlaqələrin gücləndirilməsidir. Tədbir eyni zamanda mütəxəssislər üçün bilik və bacarıqların artırılması, qabaqcıl təcrübə mübadiləsi, innovasiyaların təşviqi və qarşılıqlı öyrənmə üçün mühüm imkan yaradır.

Bu nüfuzlu beynəlxalq yarışda qazanılan uğur Azərbaycan peşə təhsilinin inkişafını, gənclərimizin yüksək peşə hazırlığını, innovativ düşüncə tərzini və yüksək texnologiyalar sahəsində formalaşdırdıqları bacarıqların beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bir daha təsdiq edir.

Komandamızın üzvlərini və onların müəllimlərini səmimi qəlbdən təbrik edir, onlara gələcək beynəlxalq yarışlarda yeni nailiyyətlər arzulayırıq.

Share