Baş Prokurorluğun Mətbuat xidməti Milli Mətbuat Günü münasibətilə Media nümayəndələrini təbrik edib
22.07.2026Əziz jurnalistlər və media nümayəndələri, dəyərli dostlar!
22 İyul – Milli Mətbuat Günü münasibətilə hər birinizi Baş Prokurorluğun Mətbuat xidməti adından səmimi qəlbdən təbrik edirik.

Peşənizin nə qədər məsuliyyətli, gərgin və eyni zamanda şərəfli olduğunu yaxşı bilirik. Bir çox hallarda günün, bəzən gecənin fərqi olmadan, istirahət yaxud sərbəst vaxt demədən hadisələrin ən qaynar nöqtəsində olursunuz, cəmiyyətin doğru və operativ məlumat alması üçün böyük zəhmət sərf edirsiniz. Bu zəhmətin, əksər hallarda görünməyən fədakarlığın fərqindəyik və onu yüksək qiymətləndiririk.
Ötən müddət ərzində aramızda təkcə işgüzar əməkdaşlıq deyil, qarşılıqlı etimad, hörmət və səmimi münasibətlərə əsaslanan gözəl bir ünsiyyət formalaşıb. Hər bir məlumatın cəmiyyətə düzgün çatdırılması naminə göstərdiyiniz peşəkarlığa, məsuliyyətli yanaşmanıza, obyektiv mövqeyinizə və əməkdaşlığımıza verdiyiniz dəyərə görə Sizə təşəkkür edirik.
Baş Prokurorluğun Mətbuat xidməti olaraq hər zaman inanmışıq ki, media ilə aramızda sağlam və açıq dialoq cəmiyyət üçün ən böyük qazancdır. Bu yolda bizi anlayan, dinləyən, suallar verən, bəzən haqlı tənqid edən, həmçinin, gördüyümüz işləri obyektiv şəkildə cəmiyyətə çatdıran hər bir media nümayəndəsinə xüsusi minnətdarıq.
Özəl gün münasibətilə təkcə jurnalist və müxbirləri deyil, eyni zamanda kameranın arxasındakı operatorları, fotoqrafları, montajçıları, texniki heyəti, redaktorları və media sahəsinin bütün zəhmətkeşlərini ürəkdən təbrik edirik. Hər biriniz bu böyük işin ayrılmaz hissəsisiniz.
Arzu edirik ki, həmişə sağlam qalasınız, peşə fəaliyyətiniz hər zaman uğurlarla müşayiət olunsun, qələminiz iti, sözünüz sanballı, yolunuz isə daim açıq olsun.
Milli Mətbuat Gününüz mübarək!
Hörmətlə,
Saleh Hacıyev,
Baş Prokurorluğun Mətbuat xidməti











