Tokayev: Rusiya-Ukrayna münaqişəsinin mənasını anlamaq çətindir
25.07.2026Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya ilə Ukrayna arasındakı münaqişənin mənasının “çoxları üçün tam aydın olmadığını” bildirib və onu Azərbaycan-Ermənistan münaqişəsi ilə müqayisə edib. Onun sözlərinə görə, sonuncunun səbəbləri tarixi kontekstdə aydın idi.
Hakimiyyet.info.az xəbər verir ki, Qazaxıstan lideri bu açıqlamanı Omskda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə verib.
“Bu münaqişənin mahiyyəti bir çoxları, o cümlədən bizim üçün tam aydın deyil. Tutaq ki, Azərbaycanla Ermənistan arasında dondurulmuş münaqişə də daxil olmaqla, bir münaqişə olub, həmin münaqişənin mahiyyəti, mənşəyi bizə tamamilə aydın idi; o, tarixin dərinliklərinə gedib çıxırdı. Amma bu münaqişəni anlamaq çox çətindir”, -deyə Tokayev bildirib.
Qazaxıstan Prezidenti, həmçinin mövcud vəziyyəti vətəndaş müharibəsi deyil, dövlətlərarası münaqişə kimi gördüyünü qeyd edərək vurğulayıb ki, Qazaxıstan Ukrayna xalqına, mədəniyyətinə və dilinə hörmətlə yanaşır.
Bundan əlavə, Tokayev həmkarı Putinə müraciətində İstanbul danışıqları zamanı əhəmiyyətli nəticələrin əldə edildiyini qeyd edib, münaqişənin “dondurulması”nın və “2.0 İstanbul formulu”na qayıtmağın lazım olduğunu irəli sürüb. O əlavə edib ki, Rusiya da daxil olmaqla, böyük dövlətlərin zəmanətləri ilə daha çox irəliləyiş əldə edilə bilər.











