“Yay Fest’də media və rəqəmsal savadlılığa həsr olunan düşərgə keçirilib

“Yay Fest’də media və rəqəmsal savadlılığa həsr olunan düşərgə keçirilib

25.07.2026 Off By Füzuli İsmayılov

Bu il süni intellekt, rəqəmsal transformasiya və innovativ texnologiyalar mövzusuna həsr olunan “Yay Fest 2026” ölkənin müxtəlif bölgələrindən gəncləri bir araya gətirərək onların bilik və bacarıqlarının inkişafına, innovativ düşüncə tərzinin formalaşdırılmasına və şəbəkələşməsinə töhfə verir.

Hakimiyyet.info.az xəbər verir ki, 20-24 iyul tarixlərində festival çərçivəsində sayca ikinci olan “Media və Rəqəmsal Savadlılıq” düşərgəsi baş tutub. Düşərgə gənclərin müasir media sahəsində düzgün informasiya ilə işləmək bacarıqlarının artırılması, rəqəmsal dünyada təhlükəsiz mühitin yaradılması, süni intellekt texnologiyalarından etik və səmərəli istifadə, eləcə də şəxsi brendin formalaşdırılması istiqamətində nəzəri və praktiki biliklər qazanmalarına imkan yaradıb.

Milli Mətbuat Gününə təsadüf edən düşərgə zamanı ölkənin tanınmış aparıcı və jurnalistləri, dövlət və özəl sektorun media və informasiya texnologiyaları sahələri üzrə mütəxəssislərinin iştirakı ilə “Rəqəmsal dövrdə media savadlılığı”, “Rəqəmsal dövrdə etibarlı media, yeni trendlər və gənclər üçün karyera imkanları”, “Süni intellekt alətlərindən effektiv və etik istifadə”, “Rəqəmsal savadlılıq, dezinformasiya və süni intellekt dövrünün çağırışları”, “Ekrandan həyata: Təcrübə, dəyərlər və uğur hekayələri” və “Rəqəmsal dünyada şəxsi brend, yaradıcılıq və məsuliyyət” mövzularına həsr olunmuş təlim sessiyaları və panel müzakirələri təşkil olunub.

Düşərgə proqramı nəzəri biliklərlə yanaşı, iştirakçıların komanda işi, liderlik və ünsiyyət bacarıqlarını inkişaf etdirməyə yönəlmiş müxtəlif interaktiv fəaliyyətlərlə də zəngin olub. Eko çantaların boyanması üzrə master-klass, “Rəqəmsal zəka” intellektual yarışı, voleybol turniri, haykinq, Rəsədxana muzeyinə ekskursiya, airsoft taktiki oyunu və əyləncə proqramları gənclərin asudə vaxtının səmərəli təşkilinə xidmət edib.

Beş gün davam edən düşərgənin sonuncu günündə iştirakçılar IDEA İctimai Birliyi tərəfindən keçirilən infosessiyada interaktiv oyunlar vasitəsilə təbiəti necə qorumağın yollarını öyrəniblər. Daha sonra gənclər Azərbaycan Respublikasının əməkdar artisti Təyyar Bayramov və tələbələri ilə görüşüblər. Görüş zamanı sevimli xalq mahnılarımız səsləndirilib, milli musiqi irsimiz haqqında dəyərli fikirlər bölüşülüb və gənclər üçün ustad dərsi keçirilib.

İştirakçı sayına və müddətinə görə ölkənin ən böyük gənclər festivalı olan “Yay Fest” sentyabr ayınadək “Kreativ AI”, “Müasir Şəhərlər və Texnologiya”, “Elm, Etika və Gələcək”, “Mühəndislik və Kod”, “Startap və Sahibkarlıq”, “AI – İdman və Sağlamlıq” mövzuları üzrə növbəti düşərgələrlə davam edəcək.

“Yay Fest 2026” Gənclər Fondunun dəstəyi, İDEA İctimai Birliyinin tərəfdaşlığı, Gənclər Təşkilatları Milli Şurası, Tələbə Gənclər Təşkilatları İttifaqı, Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Share