Azərbaycan Şərqlə Qərbi birləşdirən etibarlı nəqliyyat qovşağı, qlobal tədarük zəncirinin strateji dayaqlarından biridir
26.07.2026Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri ölkəmizin xarici siyasətinin ardıcıllığını, milli maraqlara söykənən diplomatik xəttinin uğurlarını və Avropa ilə əməkdaşlıqda yeni imkanların formalaşdığını nümayiş etdirən mühüm siyasi hadisədir. Bu səfər bir daha göstərdi ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib və qlobal əhəmiyyət daşıyan məsələlərdə söz sahibi olan dövlətlər sırasında yer alır.
Bunu Hakimiyyet.info.az-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Deputat bildirib ki, səfər zamanı Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat Azərbaycanın dünya siyasətində artan çəkisini, etibarlı tərəfdaş kimi qazandığı nüfuzunu və dövlətimizin başçısının uzaqgörən diplomatik fəaliyyətinin uğurlu nəticələrini əks etdirib:
“Azərbaycan ilə Almaniya arasında münasibətlər artıq təkcə iqtisadi əməkdaşlıq çərçivəsi ilə məhdudlaşmır. Siyasi dialoqun intensivləşməsi, enerji təhlükəsizliyi, yaşıl enerji, sənaye, yüksək texnologiyalar, nəqliyyat-logistika və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin uzunmüddətli maraqlarına xidmət edir. Xüsusilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə və Orta Dəhlizin inkişafındakı rolu ölkəmizin geostrateji əhəmiyyətini daha da artırır. Bu gün ölkəmiz təkcə enerji resurslarının ixracatçısı deyil, həm də Şərqlə Qərbi birləşdirən etibarlı nəqliyyat qovşağı, regional iqtisadi əməkdaşlığın təşəbbüskarı və qlobal tədarük zəncirinin strateji dayaqlarından biridir”, – deyə o əlavə edib.
Soltan Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin mətbuata bəyanatında regional sülh və təhlükəsizliklə bağlı səsləndirdiyi mövqe xüsusi əhəmiyyət daşıyır:”Azərbaycanın mövqeyi dəyişməzdir–Cənubi Qafqazda davamlı sülh və sabitlik yalnız beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət əsasında təmin oluna bilər. Bu yanaşma ölkəmizin regionda qarşıdurma deyil, əməkdaşlıq, etimad və qarşılıqlı faydalı tərəfdaşlıq mühitinin formalaşmasına verdiyi töhfəni bir daha təsdiqləyir”.
Milli Məclisin deputatl diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və praqmatik xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu yüksəlməkdədir və ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artmaqdadır. Almaniyaya rəsmi səfər də məhz bu uğurlu siyasətin növbəti mühüm nəticəsi olmaqla yanaşı, Azərbaycan–Almaniya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu və gələcək əməkdaşlıq üçün möhkəm siyasi zəmin formalaşdırdığını göstərir.











