BMU-nun 117 tələbəsi təhsilini Koreyanın İNHA Universitetində davam etdirəcək
27.07.2026Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında uğurla icra olunan beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində təhsilini Koreyada davam etdirəcək 117 tələbə ilə görüş keçirilib.
Bu barədə Hakimiyyet.info.az-a universitetdən məlumat verilib. Görüşdə BMU-nun tədris işləri üzrə prorektoru Həmzağa Orucov qeyd edib ki, Koreyada birillik təhsil tələbələrin yalnız peşəkar biliklərinin deyil, həm də şəxsi inkişafları, dünyagörüşləri və beynəlxalq təcrübələrinin formalaşmasına töhfə verəcək.
Sonra BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül proqramın ölkəmizin ali təhsil sistemində xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Vurğulayıb ki, BMU-İNHA İDP tələbələrə dünyanın qabaqcıl ali təhsil sistemlərindən biri ilə yaxından tanış olmaq, müasir mühəndislik biliklərinə yiyələnmək, fərqli mədəni mühitdə yaşamaq və beynəlxalq təcrübə qazanmaq üçün geniş imkanlar yaradır. Prorektor tələbələrə xaricdə təhsil aldıqları müddətdə universitetin və Azərbaycanın nüfuzunu yüksək səviyyədə qorumağı, akademik fəaliyyətlə yanaşı, sosial və mədəni tədbirlərdə də fəal iştirak etməyi tövsiyə edib.
Görüşdə, həmçinin BMU-İNHA İDP çərçivəsində tələbələr üçün yaradılan üstünlüklər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, proqram tələbələrə 4 il ərzində həm BMU-nun, həm də İNHA Universitetinin diplomunu əldə etmək, Koreyanın qabaqcıl təhsil və sənaye mühitini yaxından öyrənmək, beynəlxalq dostluq əlaqələri qurmaq və qlobal əmək bazarında rəqabət üstünlüyü qazanmaq imkanı yaradır.
Sonda BMU-İNHA İDP-nin direktoru Humay Cəfərli və proqramın digər əməkdaşları tərəfindən tələbələrə Koreyaya səfər hazırlığı, yaşayış, yataqxana, sığorta, akademik təqvim və İNHA Universitetində təhsil prosesi ilə bağlı ətraflı məlumat təqdim olunub. Eyni zamanda, tələbələri maraqlandıran suallar cavablandırılıb, onların Koreyada təhsil və gündəlik həyatına dair praktiki tövsiyələr və faydalı məsləhətlər bölüşülüb.
Qeyd edək ki, BMU-İNHA İDP-nin 2023/2024-cü tədris ili üzrə qəbul olunmuş 117 tələbəsi avqust ayında Koreya Respublikasına yola düşəcək. Tələbələr proqramın 3+1 modelinə uyğun olaraq ilk üç ili BMU-da, son bir ili isə İNHA Universitetində təhsil alırlar. Onlar üçün hazırlıq dərsləri avqustun 18-dən başlayacaq, payız semestri isə sentyabrın 1-dən start götürəcək.











