Elçin Babayev: BDU-nun 400-dən çox vyetnamlı məzunu iki ölkə arasında dostluq körpüsünə çevrilib

Elçin Babayev: BDU-nun 400-dən çox vyetnamlı məzunu iki ölkə arasında dostluq körpüsünə çevrilib

30.07.2026 Off By Füzuli İsmayılov

Azərbaycan ilə Vyetnam arasında dostluq münasibətləri uzun illər ərzində formalaşıb və hazırda strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir.

Hakimiyyet.info.az xəbər verir ki, bu fikri Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Bakıda keçirilən “Vyetnam günləri” layihəsi çərçivəsində universitetdə təşkil olunan “Vyetnam – kimliyin melodiyası” musiqili-mədəni proqramında çıxışı zamanı səsləndirib.

Rektor vurğulayıb ki, 2025-ci ildə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul edilməsi ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı olub: “Bu gün biz həmin strateji tərəfdaşlığın qurulmasının birinci ildönümünü qeyd edirik. Bizim üçün bu, onilliklər ərzində qurulmuş dostluğun indi yeni və daha əhatəli mərhələyə qədəm qoyduğunu nümayiş etdirən xüsusi əhəmiyyətli bir məqamdır”.

Rektor diqqətə çatdırıb ki, tarixi məlumatlara əsasən, 4 mindən çox vyetnamlı tələbə və mütəxəssis Azərbaycandakı ali təhsil müəssisələrində təhsil alıb. Onlardan 400-dən çoxu Bakı Dövlət Universitetinin məzunudur. Həmin məzunların bir çoxu sonradan Vyetnamın dövlət idarəçiliyi, parlament, elm və təhsil sahələrində mühüm vəzifələr tutublar. 2017-ci ildə Azərbaycan ilə Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə Bakı Dövlət Universiteti iki ölkə arasında dostluq və əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə Vyetnam Sosialist Respublikasının “Dostluq” ordeni ilə təltif olunub.

Rektor qeyd edib ki, Bakı Dövlət Universiteti Vyetnam ali təhsil müəssisələri ilə birgə tədqiqat layihələri, akademik mobillik, tələbə və müəllim mübadiləsi, beynəlxalq konfranslar, doktorantura təhsili və birgə təhsil proqramlarının inkişafı istiqamətində böyük əməkdaşlıq potensialı görür.

“Universitetimiz Vyetnam qurumları ilə əməkdaşlıq üçün geniş akademik bazaya malikdir. Birgə tədqiqat layihələrinin həyata keçirilməsi, akademik mobillik, tələbə və müəllim mübadiləsi, beynəlxalq konfranslar, doktorantura təhsili və birgə təhsil proqramlarının inkişafı istiqamətində böyük potensial görürük”, – deyə rektor Elçin Babayev qeyd edib.

Share