İspaniyanın Seuta anklavında miqrant axını ilə əlaqədar fövqəladə vəziyyət elan edilib
30.07.2026Son günlər Mərakeşdən dəniz yolu ilə İspaniyanın Şimali Afrikadakı Seuta ərazisinə 1500-dən çox miqrant daxil olub.
Hakimiyyet.info.az xəbər verir ki, vəziyyətlə əlaqədar bölgədə fövqəladə vəziyyət elan edilib. Yerli hakimiyyət orqanları qəbul mərkəzlərinin tam dolduğunu, yüzlərlə insanın küçələrdə gecələdiyini bildirərək, vəziyyətin nəzarətdən çıxmaq təhlükəsi ilə üzləşdiyini açıqlayıb və ordu qüvvələrinin cəlb olunmasını istəyib.
Miqrant axınının artmasına İspaniya Ali Məhkəməsinin dəniz yolu ilə ölkə ərazisinə çatan şəxslərin fərdi araşdırma aparılmadan dərhal Mərakeşə geri qaytarılmasını qadağan edən qərarının təsir göstərdiyi bildirilir. Bundan sonra minlərlə insan üzərək Seutaya keçməyə cəhd edib.
Seutaya gedən marşrut son dərəcə təhlükəli hesab olunur. Miqrantlar saatlarla dənizdə üzməli olurlar. Onların bir çoxu təkcə şişirdilmiş balonlardan istifadə edir.
İspaniya sahil mühafizəsi və Qırmızı Xaç nümayəndəliyi xilasedici əməliyyatları fasiləsiz davam etdirir. Rəsmi məlumatlara görə, ötən il Seuta sahillərində 60 cəsəd aşkar edilib, son günlər isə azı dörd nəfər həlak olub.











