“Axios”: ABŞ HƏMAS-ın yaxın günlərdə tərk-silah sazişi imzalayacağını gözləyir
31.07.2026ABŞ administrasiyası HƏMAS-ın yaxın günlərdə Qəzza zolağının tərk-silah edilməsi və demilitarizasiyasını nəzərdə tutan saziş imzalayacağına ümid edir.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Vaşinqton və Sülh Şurası hesab edir ki, belə bir razılaşmanın əldə olunması ABŞ tərəfindən irəli sürülən Qəzza ilə bağlı sülh planının həyata keçirilməsi istiqamətində mühüm addım olacaq.
Bildirilib ki, Sülh Şurası, eləcə də Misir, Qətər və Türkiyədən olan vasitəçilər bir neçə aydır HƏMAS-la Qəzzada silahsızlaşdırma və hakimiyyətin texnokratik komitəyə ötürülməsi məsələləri üzrə danışıqlar aparır.
Mənbələrin sözlərinə görə, Misirdə davam edən danışıqlar yekun mərhələyə yaxınlaşıb. Razılaşma layihəsində HƏMAS-ın müəyyən müddət ərzində ağır və yüngül silahlardan imtina etməsi, həmçinin tunel şəbəkələri və silah istehsalı obyektləri barədə məlumat təqdim etməsi nəzərdə tutulur.











