İspaniyanın Seuta bölgəsinə gələn miqrantların sayı 60 minə çatıb
31.07.2026İspaniyanın Şimali Afrikadakı Seuta anklavında miqrant böhranın miqyası genişlənir.
Hakimiyyet.info.az yerli mediaya istinadla xəbər verir ki, son məlumatlara əsasən, Seutaya gələn miqrantların sayı 60 minə çatıb. Bu göstərici Seutanın təxminən 85 min nəfərlik əhalisinin 70 faizinə bərabərdir. Bir sıra media qurumları Seutaya çatmağa cəhd zamanı azı 34 miqrantın həlak olduğunu açıqlayıb.
İspaniya hökuməti sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə bölgəyə əlavə hərbçilər, polis qüvvələri və hərbi gəmi göndərib.
Yaranmış vəziyyətlə əlaqədar İspaniyanın Baş naziri Pedro Sançez və daxili işlər naziri Seutaya səfər ediblər. Baş nazir miqrantların kütləvi axınını ölkə ərazisinə hücum kimi dəyərləndirib. O, Seuta sakinlərinin təhlükəsizliyi üçün şəhərin küçələrində təhlükəsizlik qüvvələrinin gücləndiriləcəyini və Ali Məhkəmənin qərarına uyğun olaraq, sərhəddə geri qayıtmağı asanlaşdırmaq məqsədilə dənizdə fiziki maneə yaradılacağını qeyd edib.
“Qanunsuz gələn miqrantların geri qayıtma sənədlərinə baxılmasını sürətləndirəcəyik. İnsan alveri ilə məşğul olan mafiyalara qarşı mübarizəni davam etdirmək üçün Mərakeş hakimiyyəti ilə əməkdaşlığı davam etdirəcəyik”, – deyə P. Sançez bildirib.
Bu böhran Avropada da dərin narahatlıq yaradıb. Avropa İttifaqı (Aİ) vəziyyətə nəzarət üçün İspaniyaya kömək təklif edib. Aİ-nin miqrasiya məsələləri üzrə komissarı Maqnus Brunner vəziyyətin nəzarətə götürülməsi üçün “Frontex”in imkanlarından istifadə oluna biləcəyini vurğulayıb.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Seutadakı vəziyyəti qəbuledilməz adlandıraraq vəziyyətin idarə edilməsi üçün iki komissarın təyin olunduğunu diqqətə çatdırıb.
“Qaydalarımıza əməl etmədən heç kimin birliyimizə gəlməsinə icazə verə bilmərik. Təhlükəli keçidlər dərhal dayandırılmalıdır. Qaçaqmalçılıq şəbəkələri dağıdılmalıdır. Qaydalarımızın imkan verdiyi kimi, geridönüşlər tez olmalıdır”, – deyə U.Lyayen qeyd edib.
Almaniya Kansleri Fridrix Merts də qanunsuz miqrantların Avropaya buraxılmamasının vacibliyini diqqətə çatdırıb. “Avropa İttifaqının xarici sərhədlərinin qorunması qanunsuz miqrasiyaya qarşı mübarizədə həlledici əhəmiyyət daşıyır. Mən İspaniyanın qanunsuz miqrantların Avropaya buraxılmaması ilə bağlı mövqeyini dəstəkləyirəm. Mərakeş geri qəbul haqqında razılaşmanın müddəalarını təxirə salınmadan icra etməlidir”, – deyə Kansler X platformasındakı paylaşımında bildirib.











