Kiyevə raket zərbələri nəticəsində ölənlərin sayı artıb
01.08.2026Kiyevə endirilən raket zərbələri nəticəsində azı 3 nəfər həlak olub, 12 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hakimiyyet.info.az xəbər verir ki, bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko məlumat verib.
Yerli monitorinq qruplarının məlumatına görə, Kiyev və ətrafına təxminən 25 raket atılıb. Ölən və yaralananların sayının artacağı istisna edilmir.
03:30
Ukraynaya hava hücumu zamanı enerji infrastrukturuna ziyan dəyib. Kiyevin bəzi ərazilərində elektrik enerjisinin verilişi dayanıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.
Kiyev şəhərinin meri Vitali Kliçko teleqram hesabında bildirib ki, ballistik raketin qalıqları Solomenski rayonunda altımərtəbəli yaşayış binasında yanğına səbəb olub. Qoloseyev, Şevçenko və Darnitski rayonlarında da dağıntılar qeydə alınıb.
Mülki insanlar arasında ölən və xəsarət alanlar var. Solomenski rayonunda dağıntılar altında insanların qaldığı ehtimal edilir.
Raket zərbələri Kiyev vilayətinə də ziyan vurub. Kiyev Vilayət Hərbi Administrasiyasının yaydığı məlumata görə, Buça rayonunda anbar və yaşayış binasında dağıntılar qeydə alınıb.
02:57
Avqustun 1-nə keçən gecədən başlayaraq Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərinə çoxsaylı hava zərbələri endirir.
AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, şəhərdə güclü partlayış səsləri eşidilir.
Hava hücumundan müdafiə sistemləri aktiv şəkildə fəaliyyətə keçib. Hücum zamanı ballistik raketlərdən istifadə edildiyi bildirilir. Kiyevin bəzi ərazilərində dağıntılar qeydə alınıb.
Xilasedicilər hücumun nəticələrinin aradan qaldırılması istiqamətində iş aparırlar. Hazırda hava zərbələri davam edir.
Kiyev şəhərinin meri Vitali Kliçko sakinləri sığınacaqlarda qalmağa çağırıb.











