Qazaxıstan Hərbi Dəniz Qüvvələrində gəmi birləşmələrinin hazırlıq səviyyəsi yoxlanılıb
01.08.2026Qazaxıstan Hərbi Dəniz Qüvvələrində gəmi birləşmələrinin, hərbi idarəetmə orqanlarının və gəmi taktiki qruplarının hazırlığının təkmilləşdirilməsinə yönəlmiş tədbirlər başa çatıb.
Hakimiyyet.info.az Qazaxıstan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, komanda-qərargah məşqləri, qərargah təlimləri və praktiki məşğələlər zamanı hərbi qulluqçular döyüş əməliyyatlarının planlaşdırılması, qüvvələrin idarə olunması, rabitənin təşkili, qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi və hərtərəfli təminat məsələlərini məşq ediblər.
Dəyişən şəraitdə qərarların qəbul edilməsinə, gəmi taktiki qruplarının dayanıqlı idarə olunmasına, dəstək qüvvələri ilə qarşılıqlı fəaliyyətin təşkilinə, həmçinin silah və texniki vasitələrdən səmərəli istifadəyə xüsusi diqqət yönəldilib.
Praktiki mərhələ bazalanma məntəqələrində və dəniz poliqonlarında keçirilib. Gəmi heyətləri taktiki qrupların tərkibində birgə üzmə, manevretmə, naviqasiya təminatı, rabitə və idarəetmə üzrə tapşırıqları yerinə yetiriblər.
Yekun taktiki təlim qərargahların və gəmi taktiki qruplarının qüvvələri idarəetməyə, eləcə də qarşıya qoyulan təlim-döyüş tapşırıqlarını yerinə yetirməyə hazır olduğunu təsdiqləyib.











