Berlindəki məşhur “Adlon” hotelinin binası 280 milyon avroya satışa çıxarılır
04.08.2026Almaniyanın və dünyanın ən lüks hotellərindən olan “Adlon”un binası satışa çıxarılır.
Hakimiyyet.info.az xəbər verir ki, yerli “Immobilien Zeitung” nəşrinin məlumatına görə, Berlindəki Brandenburq darvazasının qarşısında yerləşən tarixi binanın ilkin satış qiyməti 280 milyon avro müəyyən edilib. Qərarı hotelin yerləşdiyi binanın sahibi olan fondun 4 mindən çox investoru səsvermə yolu ilə verəcək. Satışın baş tutması üçün səslərin ən azı 75 faizi bunun lehinə olmalıdır. Müsbət qərar verilərsə, beynəlxalq satış prosesi başlanacaq.
Satış yalnız binaya aiddir və hotelin fəaliyyətinə təsir göstərməyəcək. “Kempinski” şirkəti 2032-ci ilin sonunadək qüvvədə olan icarə müqaviləsinə əsasən hotelin idarəsini davam etdirəcək. Buna görə də, mülkiyyət dəyişikliyi qonaqlar, əməkdaşlar və tərəfdaşlar üçün yaxın müddətdə dəyişiklik yaratmayacaq.
Hotelin tarixi 1907-ci ildən başlayır. İkinci Dünya müharibəsi zamanı ciddi zərər görən binanın qalan hissəsi 1984-cü ildə sökülüb. Almaniyanın birləşməsindən sonra bugünkü yeni bina inşa edilib. 1997-ci ildə yenidən açılan müasir “Adlon” otelində 307 otaq və 78 lüks nömrə var. Burada dövlət başçıları, kral ailələrinin üzvləri və dünya şöhrətli şəxslər qalıblar.











