Kəlbəcərdə bal süzümü yekunlaşmaq üzrədir – arıçılar məhsuldarlıqdan razıdırlar
11.08.2026Kəlbəcər Azərbaycanın arıçılıq sahəsində qədim ənənələri yaşadan bölgələrindəndir. Rayonun əlverişli iqlimi, zəngin bitki örtüyü və geniş yaylaq əraziləri burada arıçılığın inkişafı üçün əlverişli şərait yaradır. İşğaldan azad olunmuş Kəlbəcərdə digər sahələrlə yanaşı, qədimdən gələn arıçılıq da yenidən canlanır. Arıçılar doğma yaylaqlara qayıdaraq Kəlbəcər balının şöhrətini bərpa edirlər.
Hakimiyyet.info.az xəbər verir ki, Kəlbəcərin zəngin yaylaqlarında arıçılıq mövsümü artıq son mərhələyə çatıb. Cökə meşələri və dağ-çəmən çiçəkləri ilə zəngin ərazilərdə arı ailələrinin topladığı nektar indi süzülərək şirin nemətə çevrilir. Aylarla davam edən zəhmətin bəhrəsini toplayan arıçılar builki mövsümün nəticələrindən razılıq edirlər.
2021-ci ildən başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə arıçılıq təsərrüfatları hər il Kəlbəcərin zəngin yaylaqlarına köçürülür. “Xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının və arı ailələrinin işğaldan azad edilmiş ərazilərə köçürülməsi” xidmətinə dair reqlamentə uyğun olaraq, təkcə 2026-cı ildə 3396 fermer tərəfindən Kəlbəcər rayonuna 148 min 308 arı ailəsi gətirilib.
Zülfüqarlı-Əsrik ərazisi Kəlbəcərin arıçılıq üçün ən əlverişli bölgələrindəndir. Artıq dördüncü ildir ki, arılarını bura gətirən Əkbər Quliyevin təsərrüfatında 50-dən arı ailəsi var. Əkbər Quliyev deyir ki, bu ərazinin zəngin bitki örtüyü həm məhsuldarlığa, həm də balın keyfiyyətinə öz təsirini göstərir: “Dörd ildir ki, biz arılarımızı Kəlbəcərin Zülfüqarlı-Əsrik ərazisinə gətiririk. Kəlbəcərin təbiəti, balverən bitkilərinin zənginliyi sayəsində burada məhsuldarlıq da, balın keyfiyyəti də yüksək olur. Bu il məhsuldarlıq əvvəlki illərlə müqayisədə daha da yaxşıdır. Arılar əsasən cökə və çəmən çiçəklərindən nektar toplayırlar. Artıq mövsümün son bal süzümünü həyata keçiririk”.
Pətəklərdən çıxarılan çərçivələr bal süzən avadanlığa yerləşdirilir. Arıların zəhmətlə topladığı bal burada çərçivələrdən ayrılır, əvvəlcə iri çəlləklərdə saxlanılır, daha sonra satış üçün şüşə qablara doldurulur. Bu işdə ailənin bütün üzvləri yaxından iştirak edir. Bir tərəfdə pətəklərdən çıxarılan çərçivələr, digər tərəfdə isə süzülərək qablaşdırılmağa hazır olan bal – yaylaqda arıçılıq mövsümünün son mənzərəsini yaradır.
Uzun illərdən sonra yenidən Kəlbəcər yaylaqlarına qayıtmağın sevincini yaşayan Əliş Heydərov doğma yerlərin təbiətini və gözəlliklərini nəvələrinə göstərir, onlara Vətən sevgisini aşılayır.
“Bugünkü günə şükürlər olsun. Yenidən Kəlbəcərin yaylaqlarına gəlmək nəsibimiz olub. Allah Prezidentimizin canın sağ eləsin. Allah şəhidlərə rəhmət eləsin, qazilərə cansağlığı versin. Bura Kəlbəcərin Əsrik ərazisidir. Arılarımızı gətirmişik. Arılar güldən-çiçəkdən bal toplayır. Məhsuldarlığımız yaxşıdır” – deyə, Əliş kişi bildirir.
Beləcə, Kəlbəcərin yaylaqlarında bir arıçılıq mövsümü də başa çatır. Arıların çiçəklərdən topladığı nektar bal kimi süfrələrə yol alır. Bu balın hər damlasında Kəlbəcər təbiətinin bərəkəti, arıçıların zəhməti, yaylaqların ətri var. Kəlbəcər yaylaqlarından süfrələrə yol alan bu şirin nemət həm də doğma torpaqda həyatın yenidən canlandığının, qədim arıçılıq ənənələrinin bərpa olunduğunun göstəricisidir.












