İlahiyyat İnstitutunda dinşünaslıq və islamşünaslıq üzrə elmi araşdırmalar aparılır
12.08.2026Azərbaycan İlahiyyat İnstitutunda dinşünaslıq və islamşünaslıq üzrə aparılan elmi tədqiqatlar dini proseslərin müasir elmi metodlarla öyrənilməsinə, dini radikalizmin səbəblərinin araşdırılmasına və cəmiyyətdə dini maarifləndirmənin gücləndirilməsinə yönəlir. İnstitutda dinlərin tarixi, sosiologiyası, psixologiyası və fəlsəfəsi, eləcə də İslamın müasir məsələləri üzrə araşdırmalar aparılır. Bu istiqamətdə elmi və dini təhsilin inkişafı dini radikalizmə qarşı mübarizədə mühüm vasitələrdən biri kimi qiymətləndirilir.
İnstitutdan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, radikalizmlə mübarizədə effektiv vasitələrdən biri keyfiyyətli ali dini təhsildir. Radikal ideologiyalar əksər hallarda dini mətnlərin yanlış şərhi, dini biliklərin natamam mənimsənilməsi və manipulyativ yanaşmalar üzərində formalaşır. Elmi əsaslara söykənən dini təhsil isə dini mətnlərin tarixi, hüquqi, fəlsəfi və teoloji kontekstini düzgün anlamağa imkan verir, fərqli dini baxışlara obyektiv yanaşmanı təşviq edir və tənqidi düşüncə bacarıqlarını inkişaf etdirir.
Azərbaycan İlahiyyat İnstitutunun məqsədi dini biliklər verməklə yanaşı, eyni zamanda, dövlətçilik dəyərlərinə sadiq, milli-mənəvi dəyərləri qoruyan, cəmiyyət qarşısında məsuliyyətini dərk edən yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasıdır. İnstitutda aparılan elmi tədqiqatlar klassik dini irsin öyrənilməsini, həmçinin müasir dövrdə dinlə bağlı aktual məsələlərin araşdırılmasını əhatə edir. İnstitutun müəllimləri İslam hüququ, kəlam, hədis, din fəlsəfəsi, dinlərin tarixi, dinin sosiologiyası, təsəvvüf, dövlət–din münasibətləri, multikulturalizm, dinlərarası dialoq, dini radikalizm, dini təhlükəsizlik, müasir dini cərəyanlar, dini təhsil və digər sahələr üzrə elmi araşdırma aparırlar. Müəllimlərin bu sahədə əldə etdikləri araşdırmalar monoqrafiyalar, dərsliklər və elmi məqalələr şəklində nəşr edilir, həmçinin institutun “Din araşdırmaları” jurnalında və eyni zamanda, beynəlxalq elimmetrik bazalara daxil edilən elmi nəşrlərdə dərc olunur.











