Tramp Kamala Harrisin sərhəd siyasətini tənqid edib
15.08.2026ABŞ Prezidenti Donald Tramp Nassau Şəhər Polis Akademiyasında keçirilən rəsmi tədbirdə daxili və xarici siyasətə dair mühüm məqamlara toxunub.
Hakimiyyet.info.az xəbər verir ki, çıxışı zamanı Demokrat Partiyasındakı rəqiblərinə müraciət edən Tramp 2024-cü il seçkilərində məğlubiyyətə uğratdığı sabiq vitse-prezident Kamala Harrisin fəaliyyətinə diqqət çəkib. Amerika lideri xüsusilə Bayden administrasiyası dövründə Harrisin birbaşa cavabdeh olduğu cənub sərhədlərinin qorunması məsələsini tənqid edib. O qeyd edib ki, miqrasiya böhranına nəzarət etməli olan Harris vəzifəsinin öhdəsindən gəlməyib: “O, heç vaxt şəxsən sərhədə getməyib, Gömrük və Sərhəd Mühafizəsinə zəng etməyib. Əks halda, o, fantastik iş görmüş sayılardı. O, əla namizəd idi və düşünürəm ki, onu yenidən namizəd göstərməlidirlər”, – deyə Tramp istehzalı tonda əlavə edib.
Qeyd edək ki, Donald Tramp 2024-cü ilin noyabrında keçirilən səsvermədə demokrat namizəd Kamala Harrisi məğlub edərək ikinci müddətə Ağ Evin rəhbəri seçilib.











