Səlbirin tarixinə işıq salan ekspedisiya – 32 metrlik müdafiə divarı aşkar edilib

Səlbirin tarixinə işıq salan ekspedisiya – 32 metrlik müdafiə divarı aşkar edilib

18.08.2026 Off By Füzuli İsmayılov

Qəbələ rayonunun Çuxur Qəbələ ərazisində Azərbaycan- Koreya Beynəlxalq Arxeoloji ekspedisiyası bu il də birgə tədqiqat işlərini davam etdirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, artıq 17 ildir iki ölkənin arxeoloqları qədim Qəbələ şəhəri ərazisində birgə tədqiqatlar aparırlar. Budəfəki qazıntılar Səlbir yaşayış yerinin şimal-qərb qapısı ərazisində daxili müdafiə divarının araşdırılmasına həsr olunub.

Arxeoloji tədqiqatlar AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları və Koreyanın bir neçə elmi mərkəzinin mütəxəssislərindən ibarət komanda tərəfindən aparılır. 2009-cu ildən etibarən Azərbaycan-Koreya Beynəlxalq Arxeoloji ekspedisiyası qədim Qəbələ şəhərinin Səlbir ərazisində birgə tədqiqat işlərinə başlayıb. Ötən müddətdə beynəlxalq ekspedisiya bir sıra uğurlu nəticələr əldə edib. Aparılan araşdırmalar nəticəsində Azərbaycanın qədim tarixinin bir çox məqamlarına aydınlıq gətirilib. Layihənin uğurlu nəticəsi olaraq gələcəkdə də birgə işlərin davam etdirilməsi nəzərdə tutulur.

Birgə ekspedisiya ötən dövrdə Qafqaz Albaniyası dövlətinin paytaxtı, sonralar isə Azərbaycan və Şərqin tarixində əhəmiyyətli şəhər olmuş Qəbələnin üç tarixi ərazisində Paleolit, Eneolit və Erkən Tunc dövrlərinə aid arxeoloji tədqiqatlar aparıb.

Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan- Koreya Beynəlxalq Ekspedisiyasının rəhbəri Ceyhun Eminli bildirib ki, builki tədqiqatlar əsasən yaşayış yerinin şimal-qərb hissəsində daxili müdafiə divarının araşdırlmasına həsr olunub. “Divarın tədqiqinə bir neçə il əvvəl başlanılıb və hazırda tədqiqatlar həmin istiqamətdə davam etdirilir. Maraqlı məqam ondan ibarətdir ki, hazırkı günümüzə qədər müdafiə divarının 32 metrlik uzunluğu aşkar olunaraq tədqiq edilir. Daxili müdafiə divarları X-XI əsrləri əhatə edir”, – deyən ekspedisiya rəhbəri işlərin avqustun sonuna kimi davam etdiriləcəyini söyləyib.

Ötən müddətdə Qəbələ şəhərinin I-XI əsrlərə aid ərazisi olan Səlbirdə bir neçə yerdə – şimal-qərb, qərb və cənub-qərb istiqamətlərində tədqiqatlar aparılıb. Qazıntılar nəticəsində şəhərin müdafiə istehkamlarının bəzi hissələri, müxtəlif növ tikililər (şəxsi evlər, istehsalat tikililəri, hovuz, su kəməri, çirkab suları xətti), qəbirlər, eləcə də katakomba tipli qəbirlər, saxsı qablar, bəzək əşyaları aşkara çıxarılıb. Bu tapıntılar I-XI əsrlərə aid şəhərsalma və şəhər həyatının səviyyəsini tədqiq etməyə imkan verir.

Seul Milli Universitetinin professoru Yu Byon-Grok həyata keçirilən layihənin iki ölkə arxeoloqları arasında uğurlu əməkdaşlığa çevrildiyini bildirib. Koreyalı alim builki arxeoloji qazıntılar zamanı da daha maraqlı nəticələr əldə olunduğunu, araşdırmaların davam etdiyini diqqətə çatdırıb. “Azərbaycan-Koreya Beynəlxalq Arxeoloji ekspedisiyası qədim Qəbələ şəhərinin Səlbir ərazisində tədqiqatları davam edir. Birgə ekspedisiya 2009-cu ildən fəaliyyət göstərir və bu tədqiqat mövsümündə Səlbir ərazisində müxtəlif yerlərində mühüm məsələləri araşdırmağa nail olmuşuq. Hazırda isə Səlbirin şimal-qərb hissəsində uzunluğu 32 metr olan daxili müdafiə divarının yerləşdiyi yerdə, – ehtimal ki, bu ərazidədir, – tədqiqatlarımızı aparırıq. Yaxşı nəticələr əldə edəcəyimizə ümid edirik” deyən koreyalı professor birgə işin uğurla davam etdiyini söyləyib.

Əvvəlki ekspedisiyalarda olduğu kimi, bu il də arxeoloji tədqiqatlar nəticəsində tapılan ən maraqlı maddi-mədəniyyət nümunələrinin saxlanılması və mütəxəssislər tərəfindən laboratoriya işlərinin aparılması üçün lazımi şərait yaradılıb. Həmin nümunələr Çuxur Qəbələ ərazisindəki Arxeoloji Mərkəzin sərgi salonunda nümayiş olunur.

Share