Abituriyentlərə peşəkar məsləhət və informasiya dəstəyi göstərilir

Abituriyentlərə peşəkar məsləhət və informasiya dəstəyi göstərilir

18.08.2026 Off By Füzuli İsmayılov

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək istəyən abituriyent və subbakalavrlar üçün ixtisas seçimi davam edir. Müsabiqədə iştirak etmək istəyən abituriyent və subbakalavrlar ixtisas seçimi və qəbul prosesi ilə bağlı peşəkar məsləhət və informasiya dəstəyi almaq üçün “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.

Hazırda 10 ali təhsil müəssisəsində fəaliyyət göstərən bu mərkəzlərdə xidmətlər ödənişsiz həyata keçirilir. Azərbaycan Universitetinin “Abituriyent Məsləhət Mərkəzi” Dövlət İmtahan Mərkəzi ilə əldə olunmuş razılaşmaya əsasən 2018-ci ildə yaradılıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, mərkəzin əsas məqsədi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyent və subbakalavrlara qəbul və ixtisas seçimi prosesində peşəkar məsləhət və informasiya dəstəyi göstərməkdir. Mərkəzin xüsusi təlim keçmiş əməkdaşları abituriyentlərə tələbə qəbulu qaydaları, ərizə qəbulu, elektron ərizənin doldurulması və təsdiqi, müsabiqə şərtləri, eləcə də ixtisas seçimi zamanı diqqət yetirilməli məsələlər barədə ətraflı məlumat verirlər. Bununla yanaşı, elektron ərizənin doldurulması zamanı yaranan texniki problemlərin aradan qaldırılması və prosesin düzgün tamamlanması üçün texniki dəstək göstərilir. Azərbaycan Universitetində fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzi” gələcəyini peşəkar dəstəklə planlaşdırmaq istəyən abituriyent və subbakalavrları müraciət etməyə dəvət edir.

Mərkəz fəaliyyət göstərdiyi illər ərzində vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin edilməsi, müraciətlərin operativ həlli və abituriyentlərə göstərilən səmərəli xidmətlə özünü doğruldub. Mərkəzə olan maraq əvvəlki illərin nəticələrində də öz əksini tapıb. Belə ki, 2024-cü ildə mərkəzdə hər gün 100-ə yaxın abituriyent və subbakalavra xidmət göstərilib. 2025-ci ildə isə ixtisas seçimi günlərində Azərbaycan Universitetinin “Abituriyent Məsləhət Mərkəzi”nə 700-dən çox abituriyent və subbakalavr müraciət edib.

Azərbaycan Universiteti abituriyent və subbakalavrlara ixtisas seçimi prosesində diqqətli olmağı, seçimlərini qəbul qaydaları və müsabiqə şərtlərini nəzərə alaraq həyata keçirməyi tövsiyə edir.

Share