Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyub 

Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyub 

18.08.2026 Off By Füzuli İsmayılov

Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsi olmaqla qədim tarixə, mədəniyyətə, milli-mənəvi ənənələrə malik olan bir məkandır. Naxçıvanın inkişafı, insanların həyatının yaxşılaşdırılması, bu regionun tanınması və şöhrətlənməsi Azərbaycan dövlətinin daim diqqət mərkəzində olub və bu gün də belədir. Prezident İlham Əliyevin son illərdə 17 dəfə Naxçıvana səfər etməsi, bu məkanın, Muxtar Respublikanın sosial-iqtisadi inkişafı, mədəniyyəti və tarixi ilə dərindən maraqlanması bir daha göstərir ki, Naxçıvana diqqət, qayğı və etimad çox böyükdür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Onun sözlərinə görə, dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın Naxçıvana son səfəri də çox əlamətdar və yaddaqalan oldu. Prezident İlham Əliyev son illərdə görülmüş işlərin bir daha aydın mənzərəsini yaratdı, açılış mərasimlərində iştirak etdi, mətbuata bəyanatla çıxış etdi və Naxçıvanın sosial-iqtisadi inkişafının sürətlənməsinə dair çox mühüm bir sənəd imzaladı. Bu, əlbəttə ki, Muxtar Respublikaya göstərilən qayğı və diqqətin yeni bir ifadəsi idi.

“Nəqliyyat infrastrukturunun, sosial-iqtisadi inkişafın, kənd təsərrüfatının sürətləndirilməsi ilə bağlı 258 milyon manat vəsaitin ayrılması, sözsüz ki, bu regionun gələcək inkişafına əsaslı təkan verəcək. Prezident İlham Əliyev öz çıxışında da bunu bir daha qeyd etdi. Digər tərəfdən, Naxçıvan strateji əhəmiyyətə malik olan bir məkandır və Zəngəzur dəhlizinin açılması, istifadəyə verilməsi regionu daha da şöhrətləndirəcək, onun inkişafını daha da sürətləndirəcəkdir. Çünki bu elə bir məkandır ki, nəinki region üçün, eləcə də Cənubi Qafqaz üçün, qonşu dövlətlərin inkişafı üçün əhəmiyyətli rol daşıyır. Gürcüstan, Azərbaycan, Türkiyə, İran və Ermənistan dövlətlərinin bir-biri ilə nəqliyyat və dəmir yolu vasitəsilə əlaqə saxlaması məhz Naxçıvanın gələcək inkişafından və nəqliyyat infrastrukturunun qurulmasından çox asılıdır. Prezident İlham Əliyev də bunu öz çıxışında dedi və Orta Dəhlizin artan əhəmiyyəti, Azərbaycanın bu marşrutun inkişafındakı rolu ölkə rəhbərinin çıxışında bir daha diqqətə çatdırıldı. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə nəqliyyat-logistika əməkdaşlığının genişləndirilməsində Muxtar Respublikanın çox böyük rol oynadığı bir daha xatırladıldı”, – deyə T.Rzayev əlavə edib

Deputat qeyd edib ki, dövlətimizin başçısı hər bir regiona özünün doğma münasibətini, qayğısını göstərir. Bu baxımdan Naxçıvanın tarixi qədimliyi, çox böyük tarixi və mədəni abidələrə malik olması, əlverişli bir məkanda yerləşməsi gələcəkdə həm nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, həm də turizmin inkişafı baxımından əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin Naxçıvana səfəri göstərdi ki, bu region tez bir zamanda yeni bir inkişaf mərhələsinə daxil olacaq, insanların sosial rifah halının yaxşılaşdırılması öz nəticələrini göstərəcək və regionun inkişafında bu respublikanın mövqeyi bir daha möhkəmlənəcək.

Share