“Üzeyir Hacıbəyli” gəmisi əsaslı təmir olunub

“Üzeyir Hacıbəyli” gəmisi əsaslı təmir olunub

19.08.2026 Off By Füzuli İsmayılov

“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Üzeyir Hacıbəyli” quru yük gəmisinin əsaslı təmiri yekunlaşıb.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda gəminin baş və köməkçi mühərrikləri, mexanizmləri (nasosları) təmir olunub. Eyni zamanda gəmidə boru quraşdırma, elektrik quraşdırma, avtomatika və gövdə qaynaq işləri görülüb.

Bundan başqa, gəminin sualtı və suüstü hissələri abraziv qumla tam təmizlənərək rənglənib, yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir olunub.

“Üzeyir Hacıbəyli” gəmisinin uzunluğu 108,33, eni 16,74 metrdir, yükgötürmə qabiliyyəti isə 5200 tondur.

Share